close
icon E-kataloq və kitabxana

Millət vəkili Fazil Mustafa Milli Kitabxanada olub

16-10-2025

Azərbaycan Milli Məclisinin İctimai birliklər və Dini Qurumlar Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru, ictimai-siyasi xadim  Fazil Mustafa Milli Kitabxanada olub.

O, anadan olmasının 60 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında açılan “İctimai xadim Fazil Mustafa – 60” adlı kitab sərgisi ilə yaxından tanış olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanı yubileyi münasibəti ilə təbrik edib və yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, Fazil müəllim kitabsevər, yaradıcı və düşünən insan, xalq, millət, dövlət üçün yazıb-yaradan bir ziyalıdır. Onun bütün əsərlərinin əsas qayəsini Azərbaycançılıq məfkurəsi təşkil edir.  Bildirib ki,  Azərbaycanın tarixi, dövlətçiliyi, millətimiz və gələcəyimiz naminə yazıb-yaradan, xalqımızın milli ideyalarının formalaşmasında mühüm rol oynayan insanların əsərləri daim tarixdə qalacaq.

Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru  Fazil Mustafa sərginin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib. O, kitabı sevdirmək və anlatmağın vacibliyini vurğulayaraq, bir cümlənin belə insan həyatını dəyişə biləcəyini söyləyib. Məsuliyyətli olmağın önəmini qeyd edən Fazil Mustafa doğru və faydalı fikirləri yaymaq üçün yazıb-yaratmağın vacib olduğunu bildirib. Əlavə edib ki, yalnız kitab yazanlar deyil, kitabı təbliğ edənlər də dəyərli insanlardır.

Sonra müəllifi olduğu “Anladım-Tanıdım-Yaşadım” və “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” kitablarını Milli Kitabxananın fonduna hədiyyə edib.

Sonda xatirə şəkli çəkdirilib.

icon

Foto qalereya