close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “10 Mart- Milli Teatr Günü” adlı virtual və eyniadlı ənənəvi sərgini istifadəçilərə təqdim edib.

09-03-2024

1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” əsəri Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən "Nəciblər klubu"nda oynanıldı və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyuldu.

Məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin Azərbaycan milli teatrının inkişafında böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib.

Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Teatrı sahəsində bir sıra qanun və sərəncamlar imzalayıb.

Belə ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. 2013-cü il 1 mart tarixli Sərəncamla ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Bundan başqa Prezident İlham Əliyev 2023-cü il 3 fevral tarxində Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “10 Mart – Milli Teatr Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgi 1 həftə davam edəcək.

 

icon

Foto qalereya