close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Sazın-sözün qoca qartalı: Aşıq Mikayıl Azaflı -100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib

25-03-2024

Bu il 21 mart tarixində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur.

Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub və  burada yazıb-yaradıb.

Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. O, təkcə aşıq sənətini kamil bilməyi ilə deyil, eləcə də şairlik təbinə malik olmağı ilə seçilirdi. Erkən yaşlarında “Solğun” və “Coşqun” təxəllüsləri ilə şeirlər yazan aşıq-şair az sonra təxəllüs kimi öz doğma kəndinin adını götürüb.

Azaflı Mikayılın yaratdığı “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Məzahiri”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbəri olub. Bu havaların hər birinin öz ritmi, ahəngi, gözəlliyi və təkrarsız melodik zənginliyi vardır.

Azərbaycanın qoca qartalı Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə Milli Kitabxanada  “Sazın-sözün qoca qartalı: Aşıq Mikayıl Azaflı -100” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.

Vitual sərgidə Aşıq Mikayıl Azaflının qoşmaları, şeirləri, kitabları, haqqında ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mikayil_Azafli/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə aşığın kitabları, həyat və yaradıcılığına dair kitablar, aşıq-ozan dünyasından bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş edilir.

Sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya