close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

16-06-2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan hüquqları amili xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsası olub. Ulu öndər sivil, dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti kimi fundamental insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini, ona şərait yaradılmasının vacibliyini hər zaman хüsusi qеyd edib.

Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etmişdir.

Milli İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 İyun – Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.