close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “18 sentyabr - Milli musiqi günü” adlı tədbir keçirilmişdir

18-09-2018

18 sentyabr 2018-ci il tarixində Milli Kitabxanada “18 sentyabr - Milli musiqi günü” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Kitabxananın direktoru prof. Kərim Tahirov açmış, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı bu günün bayram kimi 1995-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə anadan olmasının 110 illik yubileyi ərəfəsində qeyd olunmasının qərara alındığını bildirmiş, söyləmişdir ki, Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurdur, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir. Professor qeyd etmişdir ki, ölməz sənətkar bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, operettanın əsasını qoymuş, dövlət xorunu, simfonik orkestri yaratmış, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirmişdir. O, söyləmişdir ki, Azərbaycan musiqi tarixində silinməz izlər qoyan Üzeyir Hacıbəylinin dahiliyi onda idi ki, o, əsərlərini yaradarkən xalq musiqisinə əsaslanırdı və bütün görkəmli bəstəkarlarımız onu öz müəllimləri adlandıraraq irsindən yararlanmışlar. Direktor bildirmişdir ki, Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği məqsədilə ölkəmizdə mütəmadi olaraq beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr keçirilir ki, bunlardan biri də Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorların iştirakı ilə 2009-cu ildən etibarən təşkil edilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalıdır. Natiq çıxışında söyləmişdir ki, Üzeyir Hacıbəyov həm də yazıçı kimi gözəl felyetonlar, ədəbi səhnəciklər, satirik, publisistik yazılarıilə ədəbiyyatımızda özünəməxsus yer tutmuşdur. Günün əhəmiyyətindən danışan professor, Azərbaycanda ilk dəfə məhz Üzeyir Hacıbəylinin ev muzeyinin açıldığını vurğulamış, Ulu öndərin açılış mərasimində dahi bəstəkar haqqında söylədiyi fikirlərdən sitatlar gətirmişdir. O, bu günün ənənə halında musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılmasının vacibliyini və hər il Milli Kitabxananın da bu işdə fəal iştirakını, onun haqqında iki dəfə biblioqrafik vəsaitin tərtib edildiyini, sənətkarın əsərlərinin təbliği məqsədilə sərgilərin təşkil olunduğunu qeyd etmişdir. 

Söz direktor müavini Ədibə İsmayılovaya verilmişdir. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətin həyat və fəaliyyətindən, milli musiqi xəzinəmizə verdiyi çoxlu sayda töhfələrdən danışmışdır. Not nəşrləri və səsyazmaları şöbəsinin müdiri Kəmalə Seyidova şöbəyə gələn bütün qonaqları ilk olaraq bəstəkarın “Koroğlu” əsəri ilə tanış etdiklərini, bu günlə bağlı musiqi məktəblərində, müxtəlif mədəniyyət və təhsil müəssisələrində tədbirlərin keçirildiyini qeyd etmişdir. Direktor çıxış edərək söyləmişdir ki, nə qədər ki, Azərbaycan xalqı mövcuddur, milli musiqi sənətimizdə öz dəsti-xətti olan Üzeyir Hacıbəylinin doğum günü bayram kimi qeyd ediləcək, gələcək nəsillər onun yaradıcılığından bəhrələnəcək. Sonda bəstəkarın əsərlərindən, haqqında əsərlərdən ibarət Azərbaycan, rus və digər xarici dillərdə olan kitab və dövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanışlıq olmuşdur.
Sərgi bir həftə davam edəcək.