close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi

17-01-2019

Yanvarın 17-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi.

İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən, xalqının istiqlala qovuşmasına öz qanları ilə rəvac verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə Milli Kitabxananın direktoru prof. Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söylədi. O, 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirdi.

Prof. Kərim Tahirov çıxışında 20 yanvar hadisələrinə ilk dəfə olaraq layiqli siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini və 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyi qarşısında SSRİ rəhbərliyinin törətdiyi bu cinayət barədə bəyanatla çıxış edərək bütün dünya ictimaiyyətinə çatdırdığını bildirdi. Professor çıxışında bu gün də hər il olduğu kimi 20 yanvar şəhidlərinin xatirəsinin əbədi tutularaq ölkəmizdə və dünyada yad edildiyini, geniş miqyaslı tədbirlərin, anım törənlərinin keçirildiyini və bu hadisənin dünya ictimaiyyətinə çatdırıldığını vurğuladı.

Daha sonra vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirildi.

Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva çıxışında Rus Sovet rejiminin dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının – 20 yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq şəhadəti, köləlikdən azadlığa, müstəqilliyə doğru gedən yolun başlanğıcı olduğunu bildirdi. Mələk Hacıyeva onu da söylədi ki,“Azərbaycan şəhidlərinin ruhu şaddır. Bu gün Azərbaycan xalqı yaşayır, Azərbaycan dövləti iri addımlarla müstəqil şəkildə iqtisadiyyatını gücləndirir və eyni zamanda Azərbaycan qabaqcıl ölkələr sırasında irəliləyir”.

Daha sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək 1990-cı ilin 20 yanvar hadisəsinin Azərbaycan xalqının tarixində ağır bir hadisə olduğunu, xalqın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söylədi. Həmin müdhiş gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazmalarından, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmalarından bəhs etdi. Direktor müavini onu da qeyd etdi ki, Azərbaycan Milli Kitabxanası Azərbaycan xalqının başına gətirilən 20 yanvar faciəsi haqda tarixi həqiqətləri Azərbaycan və dünya ictimaiyyətinə çatdırmaq üçün daim müxtəlif kütləvi tədbirlər keçirir, kitab sərgiləri, kitab təqdimatları, film nümayişləri edir. O həmçinin qeyd etdi ki, kitabxananın saytında 20 yanvar faciəsi ilə bağlı elektron məlumat bazası yerləşdirilib və burada bütün informasiyalar və elektron resurslar daim yenilənir.

Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli və Tərlanə Əliyeva 20 yanvar faciəsinin qurbanlarına, şəhidlərimizə həsr etdikləri şeirləri ifa etdilər.

Sonda tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr olunmuş və Azərbaycanda, xarici mətbuatda çap edilmiş, Azərbaycan, rus və digər dillərdə 300-dən artıq nəşri əhatə edən kitab sərgisi ilə tanış oldular.