close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Arif Paşayev” adlı sərginin açılış mərasimi olmuşdur

15-02-2019

Fevral ayının 15-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, pedaqoqu, elm və təhsil təşkilatçısı, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin 85 illik yubileyi ilə əlaqədar olaraq “Akademik Arif Paşayev” adlı geniş kitab sərgisinin açılış mərasimi olmuşdur.

Kitabxananın direktoru prof. Kərim Tahirov tədbiri açaraq  Azərbaycanda fizika, texnika və aerokosmika elminin inkişafında müstəsna rol oynamış, respublikamızda elmin, təhsilin təşkilində xüsusi xidmətlər göstərmiş görkəmli alim, bacarıqlı elm və təhsil təşkilatçısı, fəal ictimai xadim akademik Arif Mir Cəlal oğlu Paşayevin 30-dan artıq kitab və monoqrafiyanın, 400-dən çox elmi əsərin müəllifi olduğunu və fizikanın müxtəlif sahələrinə həsr olunmuş 300-ə yaxın elmi əsərinin xarici ölkə mətbuatında nəşr olunduğunu, eyni zamanda 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri aldığını, alimin əldə etdiyi elmi nəticələrin ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunduğunu, bir sıra sənaye müəssisələrində tətbiq edildiyini söyləmişdir. Direktor bildirmişdir ki, alimin elmi əsərləri mühüm praktiki əhəmiyyət kəsb etməklə yanaşı, gənc alimlər üçün də çox dəyərli mənbələrdir, akademikin əsərlərində əks olunan fundamental elmi-texniki nəticələr, faydalı elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti, Azərbaycanda ali aviasiya təhsilinin müasir səviyyədə təşkili tanınmış ziyalının müstəsna xidmətlərindəndir.

Natiq söyləmişdir ki, Azərbaycan yazıçısı, görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmiş, özü də Azərbaycan elminə, təhsilinə layiqincə xidmət etmiş ziyalı milli dəyərlərimizin dünya miqayasında təbliğində əvəzsiz rolu olan övladlar yetirmişdir.

Direktor qeyd etmişdirki, səmərəli elmi və elmi-təşkilati işlə yanaşı, olduqca faydalı pedaqoji fəaliyyətlə də məşğul olan akademik Arif Paşayevin rektoru olduğu Milli Aviasiya Akademiyası respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Azərbaycanda ilk dəfə olaraq müasir dünya standartlarına uyğun, təhsil, elm və istehsalatın vəhdətini nəzərdə tutan ali təhsil ocağı yaratmağa nail olmuş akademik Arif Paşayev ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin təlim və tərbiyəsini həmişə diqqətdə saxlayan qayğıkeş rəhbərdir.

Prof. Kərim Tahirov görkəmli akademikin milli elmin inkişafı sahəsindəki misilsiz xidmətlərinin ölkə rəhbərliyi tərəfindən layiqli qiymətini aldığını, alimin respublikanın ən ali mükafat və adlarına layiq görüldüyünü vurğulamışdır.Natiq bildirmişdir ki, akademik Arif Paşayev Azərbaycan Respublikasının “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunmuş, Əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Yusif Məmmədəliyev adına medal, “SSRİ-nin ixtiraçısı” fəxri adlarına layiq görülmüş, Azərbaycan Mühəndislər Akademiyasının prezidenti, bir çox  beynəlxalq akademiyaların akademiki seçilmişdir.

Kitabxananın direktor müavinləri Ədibə İsmayılovavə Mələk Xanım Hacıyeva tədqiqatlarının əsas hissəsi yeni cihazların yaradılmasına, mövcud cihazların təkmilləşdirilməsinə, müxtəlif fiziki kəmiyyətlərin ölçülməsinin yeni metodlarının işlənilməsinə yönəldilmiş, yüksək elmi-praktiki potensiala və təşkilatçılıq qabiliyyətinə malik olan görkəmli alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas məqamlarından, elmi nailiyyətlərindən danışmış, akademikin respublikamızın həyatında taleyüklü məsələlərin həllində səylərini əsirgəməyərək öz xalqına əvəzsiz xidmətlər göstərdiyini söyləmişlər.

Tədbirin sonunda kitabxananın direktoru prof. Kərim Tahirov kitabxananın kollektivi adından akademik Arif Mir Cəlal oğlu Paşayevi şərəfli yubileyi münasibətilə təbrik etmiş, ona möhkəm can sağlığı arzulamış, iştirakçıları sərgi ilə tanışlığa dəvət etmişdir.

Sərgidə akademik Arif Paşayevin Azərbaycan və digər dillərdə çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, müəlliflik şəhadətnamələri və ixtira patentləri haqqında yazılar, həmçinin alimin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında 300-dən artıq ədəbiyyat nümayiş edilir.

Sərgi on gün davam edəcək.