21-01-2026
Yanvarın 21-də Milli Kitabxanada AMEA-nın Naxçıvan bölməsinin sədri, Əməkdar Elm xadimi, akademik İsmayıl Hacıyevin kitablarından ibarət kolleksiyanın və “Akademik İsmayıl Hacıyev” adlı ənənəvi və elektron kitab sərgilərinin təqdimat mərasimi keçirilib.
İlk olaraq Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq, tədbiri açıq elan edib və 20 Yanvar - Ümumxalq hüzn günü ilə əlaqədar müstəqillik uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
İsmayıl Hacıyevin çoxşaxəli fəaliyyətindən danışan direktor qeyd edib ki, saysız-hesabsız elmi əsərlər müəllifi olan, Naxçıvan Muxtar Respublikasının tarixinin salnaməsini yaradan tədqiqatçı-alim Milli Kitabxanaya 170-dən artıq kitablarını hədiyyə etməklə həm Milli Kitabxananın fondunu xeyli zənginləşdirib, həm də tarix elminə böyük hədiyyə olan kitablarının gələcək nəsillər üçün etibarlı mühafizə olunmasına və öyrənilməsinə şərait yaratmışdır. Kərim Tahirov həmçinin akademik İsmayıl Hacıyevin onlarla tarixçi alimlərin yetişməsində xidmətlərindən də danışaraq zalda əyləşənlərin əksəriyyətinin onun tələbələri və yetişdirmələri olduqlarını də diqqətə çatdırıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Milli Kitabxanada təşkil olunan bu təqdimat İsmayıl Hacıyevin ilk kitab təqdimatıdır. Natiq Azərbaycan milli dövlətçilik ideologiyasının alimin kitablarında və məqalələrində də əsas süjet xətti olduğunu qeyd edərək vurğulayıb ki, İsmayıl Hacıyev tarixşünaslıq yanaşmasında tarixi faktların, real hadisələrin analitik əsaslarla təqdimatını xronoloji ardıcıllığı ilə qeydə almışdır. Xüsusilə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü barədə İsmayıl Hacıyevin tədqiqatlarından danışan AMEA-nın prezidenti bu əsərlərin bu gün çox qiymətli mənbələrə çevrildiyini xüsusilə vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, İsmayıl Hacıyev öz əsərləri ilə elmi dövriyyəyə çoxlu sayda sənədlər, arxiv materialları təqdim edib və onun tədqiqatları dövlət siyasətimizə və elmi tələblərə cavab verir. Tarixi şəxsiyyətlərə qayıdış haqqında tutduğu mövqenin Ulu Öndər Heydər Əliyev və Hörmətli Cənab Prezidentimiz İlham Əliyev haqqında yazdığı kitablarla ən yüksək zirvəsinə çatdığını qeyd edərək obyektiv tarixçi alim olan İsmayıl Hacıyevə yeni uğurlar arzulayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı söyləyib ki, tarixin ən qədim dövrlərindən bu günə qədər olan elə bir səhifəsi yoxdur ki, İsmayıl Hacıyev onun haqqında analitik, dürüst, dolğun və müqayisəli zəngin mənbələrlə yazmasın, həmin mənbələri zərgər dəqiqliyi ilə araşdırmasın və bu baxımdan İsmayıl müəllimin bütün tədqiqatları tarix elmimizə böyük töhfədir.
Tədbirin davamında “Akademik İsmayıl Hacıyev” adlı Elektron sərgi təqdim edilib: https://anl.az/el/vsb/Akademik_%C4%B0smayil_Haciyev/index.htm.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov İsmayıl Hacıyevin timsalında Azərbaycanda sadəlik, insanlıq nümunəsi olduğunu qeyd edib, daimi nümayəndəlik adından İsmayıl müəllimə gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb..
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun direktoru, professor Kərim Şükürov qeyd edib ki, İsmayıl Hacıyev yetişdiyi tarixi mühitin təsirilə müasir tarixçiliyin zirvəsinə çatıb, Naxçıvan tarixinin fərqliliyindən bəhs edən professor bu sahədə yeni və fundamental əsərlər yazdığına görə İsmayıl Hacıyevə minnətdarlığını bildirib.
Milli Məclisin Komitə sədri Fazil Mustafa, BDU-nun Tarix fakültəsinin dekanı, prof. İbrahim Zeynalov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, tarix elmləri doktoru, prof. Abbas Seyidov, “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Əməkdar jurnalist Tahir Aydınoğlu akademikin həm elmi yaradıcılığından, həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirakından danışıblar, ailə üzvləri, dostları, tələbə və iş yoldaşları isə xoş xatirələrini bölüşərək İsmayıl Hacıyevə möhkəm can sağlığı, yeni uğurlar, elmimizi zənginləşdirmək yolunda daimi fəaliyyət arzu ediblər.
Tədbirin sonunda çıxış edən akademik İsmayıl Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə doğma məbədgah olan Milli Kitabxananın rəhbərliyinə, onun gözəl və peşəkar kollektivinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.