close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Akademik Nizami Cəfərovun 60 illik yubileyinə həsr olunmuş “Nizami Cəfərov. Biblioqrafiya” kitabının və “Nizami Cəfərov - 60” Elektron məlumat bazasının təqdimat mərasimi

01-11-2019

Noyabrın 1-də Milli Kitabxanda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə akademik Nizami Cəfərovun 60 illik yubileyinə həsr olunmuş tədbir  və bu münasibətlə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan “Nizami Cəfərov. Biblioqrafiya” kitabının və “Nizami Cəfərov - 60” Elektron məlumat bazasının  təqdimat mərasimini keçirilib.

Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov çıxış edərək görkəmli alim, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əməkdar elm xadimi Nizami Cəfərovun zəngin elmi yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən söhbət açıb. Prof. Kərim Tahirov çıxışında bildirib ki, akademik Nizami Cəfərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı fəal iştirakına və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı “Nizami Cəfərov. Biblioqrafiya” kitabında alimin zəngin yaradıcılığı haqqında geniş məlumatın toplandığını, həyat və yaradıcılığının əsas tarixlərinin, görkəmli şəxsiyyətlərin onun haqqında fikirlərinin də öz əksini tapdığını bildirən professor, vəsaitin tədqiqatçılar, kitabxanaçılar, tələbələr və ümumiyyətlə geniş oxucu üçün nəzərdə tutulduğunu vurğulayıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək akademik Nizami Cəfərov əsərlərinin qeyri standartlığı, orijinal üslubu, yüksək peşəkarlığı ilə seçilən yaradıcı alim olduğunu söyləyib. Bildirib ki, Azərbaycanda dilçilik elmi ilə yanaşı, ədəbiyyatşünaslıq məsələləri ilə məşğul olan alim zəngin yaradıcılığa malikdir. Vaqif Əliyev çıxışında Milli Kitabxana tərəfindən hazırlanmış biblioqrafiyanın, akademikin yaradıcılığına verilmiş böyük töhfə olduğunu söyləyib.  

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək Nizami Cəfərovun Azərbaycanda dilçilik elmi ilə yanaşı, müasir Azərbaycan ədəbi dili tarixi ilə bağlı xüsusi mövqe formalaşdıran alim olduğunu vurğulayıb.   

Xalq yazıçısı, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri Afaq Məsud çıxış edərək akademikin dilçilik və filolgiya elminin nəzəri və praktik sahəsindəki xidmətlərindən, dil və ədəbiyyatın tədrisinə, klassik və müasir milli ədəbi prosesin tədqiqinə verdiyi töhfələrdən söhbət açıb. O, bildirib ki, Nizami Cəfərov milli ədəbi fikrin keşiyində duran fədakar alim, vicdanlı vətəndaş, fikrini sərbəst ifadə edən səmimi siyasi xadimdir. 

AMEA-nın Müxbir üzvü, professor, Əməkdar elm xadimi, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov çıxış edərək akademik Nizami Cəfərovun elmi yaradıcılığı, ədəbi-məzmunlu yazıları haqqında söhbət açıb, yüksək səriştəli təşkilatçılıq bacarığını yüksək qiymətləndirib.    

Azərbaycanın Xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının üzvü Nəriman Həsənzadə, BDU-nun Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, prof. Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin  üzvü, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək görkəmli alimin zəngin elmi yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında geniş söhbət açıblar.

Daha sonra Milli Kitabxananın “Elektron Kitabxananın İnkişafı şöbəsi”nin əməkdaşları tərəfindən hazırlanmış “Nizami Cəfərov - 60” elektron məlumat bazası, şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib. 

Sonda Nizami Cəfərov çıxış edərək “Nizami Cəfərov. Biblioqrafiya” kitabının və “Nizami Cəfərov - 60” Elektron məlumat bazasının ərsəyə gəlməsində əməyi olan hər kəsə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxanın rəhbərliyinə və kollektivinə  öz dərin təşəkkürünü bildirib.