close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi və “Oftalmoloq alim, Akademik Zərifə xanım Əliyeva” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

27-04-2024

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 101 ili tamam olur.

28 aprel 1923-cü ildə Qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açan Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr veribdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanıb və yüksək qiymətə layiq görülübdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapıb.  Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradıldır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan, təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməyib, respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıbdır.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən tibb elmləri doktoru, oftalmoloq alimin həyat və yaradıcılığını əks etdirən “Akademik Zərifə Əliyeva” adlı virtual sərgi  və “Oftalmoloq alim, Akademik Zərifə xanım Əliyeva” adlı elektron məlumat bazası hazırlanıb, onlayn rejimdə istifadəçilərə təqdim olunub.

 Virtual sərgidə akademik Zərifə xanım Əliyeva haqqında görkəmli şəxslərin fikirləri, müəllifi olduğu və haqqında yazılmış kitablar, həyat və fəaliyyətinə dair sənədlər, məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Zerife%20Eliyeva/index.htm linkindən istifadə edə bilərlər.

Elektron məlumat bazasında isə “Rəsmi sənədlər”, Həyat və yaradıcılığının əsas tarixləri”, “Bioqrafiyası”, “Görkəmli şəxslər Zərifə Əliyeva haqqında”, “Əsərləri”, “Haqqında (Kitablar, Məqalələr)” ,  “Zərifə xanım Əliyeva dünya kitabxanalarında” və bir sıra materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər  https://anl.az/el/emb/ZE/index.html linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya