close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Bakı Dövlət Universitetinin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib

07-11-2019

Noyabrın 7-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti və Milli Kitabxana birgə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Azərbaycan xalqının milli sərvəti “Bakı Dövlət Universitetinin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini, professor-müəllim–tələbə heyətini ürəkdən təbrik edib. O, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olduğunu qeyd edib.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev universitetin kollektivini təbrik edərək bildirib ki, Xalq Cümhuriyyətinin yadigarı olan BDU 100 il ərzində keşməkeşli yol keçib. Dövlətçiliyimizin inkişafında, milli kadrlarımızın yetişdirilməsində, Azərbaycan dilinin inkişafinda mühüm rol oynayıb. Vurğulayıb ki, ölkədə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə ümummilli lider Heydər Əliyev “Bakı Dövlət Universitetini Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.

Daha sonra Bakı Dövlət Universitetinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş edilib.
BDU-nun fəxri professoru, tarix elmləri doktoru, Əməkdar elm xadimi Abuzər Xələfov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinin, elminin yolunu işıqlandırdığını, qüdrətli elm ocağına çevrildiyini, öz elmi-intellektual potensialı və tədrisin yüksək keyfiyyəti ilə beynəlxalq nüfuz qazandığını söyləyib. Professor Abuzər Xələfov bildirib ki,  Ümummilli lider Heydər Əliyevin universitetdə təhsil aldığı illərdə və respublikaya rəhbərlik etdiyi dövrdə universitetlə əlaqələri Bakı Dövlət Universitetinin şanlı tarixinin böyük və əlamətdar bir mərhələsini təşkil edir.

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxanın rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirib. Elçin Babayev çıxışında söyləyib ki, cənab Prezident İlham Əliyev tərəfindən “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalanıb və beynəlxalq səviyyədə, o cümlədən Parisdə UNESCO-nun baş qərargahında da böyük təntənə ilə qeyd edilib. Respublikamızın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin  elmin müxtəlif sahələrinin inkişafında, vətənpərvər, dövlətçiliyə sadiq ziyalıların yetişməsində mühüm xidmətləri olduğunu söyləyən  Elçin Babayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin  Bakı Dövlət Universitenin inkişafında, təşəküllündə, formalaşmasında misilsiz xidmətləri olduğunu xüsusi vurğulayıb.

Daha sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı, yazıçı, millət vəkili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, prof. Hüseynbala Mirələmov, prof. Cahangir Məmmədli çıxış edərək Azərbaycan elminin, təhsilinin inkişafında, milli kadr potensialının yetişdirilməsində Bakı Dövlət Universitetinin misilsiz xidmətlərindən söhbət açıblar.  

Sonda Milli Kitabxananın direktoru prof. Kərim Tahirov tərəfindən “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi çərçivəsində Türkiyənin İstanbul Millət Kitabxanasından  əldə edilən  İmadəddin Nəsiminin ən qədim əlyazmasının nəşr variantı  Bakı Dövlət Universitetinin rektoru cənab Elçin Babayevə təqdim edilib.