close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Cəfər Cabbarlı” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

20-03-2024

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının Xızı kəndində anadan olub. 1915-ci ildən lirik və satirik şeirlər, hekayə və dram əsərləri yazmağa başlayıb. Cabbarlının yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. 1916-cı ildə qələmə aldığı "Nəsrəddin şah" C.Cabbarlının ilk tarixi pyesidir.

Cəfər Cabbarlı "Trablis müharibəsi" tarixi faciəsi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur.  

Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı illərdə yazıb. “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın", "Sevil", "Oqtay Eloğlu", "Almaz" və s. pyesləri dramaturqun şah əsərlərindəndir.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən  Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə “Cəfər Cabbarlı” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazasında Cəfər Cabbarlının “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Cəfər Cabbarlı haqqında”, “Əsərləri” (kitabları, məqalələri, tərcümələri), “Haqqında” (kitablar, məqalələr, dissertasiya və avtoreferatlar), fotoqalereya, filmoqrafiya və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/C.Cabbarli/index.html linkindən istifadə edə bilərlər.