close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Cəlil Məmmədquluzadə - 150” adlı geniş kitab sərgisinin açılış mərasimi olmuşdur

22-02-2019

Fevral ayının 22-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Cəlil Məmmədquluzadə - 150” adlı geniş kitab sərgisinin açılış mərasimi olmuşdur.

Kitabxananın direktoru prof. Kərim Tahirov tədbiri açaraq bu il ölkə başçısının sərəncamına əsasən Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində, ictimai fikrində özünəməxsus yeri olan ictimai xadim, publisist, novator yazıçı, dramaturq, XX əsrin əvvəllərində Azərbaycanda və türk-müsəlman dünyasında ilk dəfə satiric jurnalistikanın əsasını qoymuş Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edildiyini söyləmiş, həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əksetdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmış, ana dilinin saflığı uğrunda daim mübarizə aparmış, Azərbaycanın ictimai fikir tarixində böyük demokrat olan, Azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayan yaradıcı ziyalılarımızdan biri Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında ətraflı çıxış etmişdir. Direktor söyləmişdir ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyoton, məqalələ, məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edirdi. Natiq bildirmişdir ki, milli satirik ədəbiyyatın mollanəsrəddinçilik ədəbi təlimini formalaşdıran, Azərbaycan ictimai fikrində ideya-məzmun və bədii-estetik cəhətdən yeni bir səhifə açmış sənətkarın müxtəlif janrlı ədəbi irsi bugün ətraflı tədqiq və təhlil edilir.

Professor qeyd etmişdir ki, 1994-cü ildə ustad ədibin 125 illik yubileyinin keçirilməsinə, əsərlərinin yenidən nəşr və tədqiqinə ümummilli liderin böyük diqqəti və qayğısı ayrıca xatırladılmalıdır. Ulu öndər Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu deyirdi.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, İnstitutun Yeni dövr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Vahabova, Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva çıxış edərək bu günün Azərbaycan ədəbiyyatı tarixində ən önəmli günlərdən biri olduğunu söyləmiş, sənətkarın yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının imzaladığı sərəncamın klassik irsimizə verilən dəyərin bariz nümunəsi, Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatına janr və forma baxımdan bir çox yeniliklər gətirdiyini, cəhalətin və savadsızlığın aradan qaldırılması üçün xalqın oxuma və yazma bacarıqlarını asanlaşdıra biləcək yollar axtarışında olduğunu söyləmişlər. Natiqlər “Molla Nəsrəddin” jurnalını Cəlil Məmmədquluzadənin yaradıcılıq fəaliyyətinin ən yüksək zirvəsi adlandırmış, jurnalın Qafqaz regionunda baş verən hadisələrə güzgü olaraq, müsəlman şərqinin, xüsusilə Azərbaycan xalqının milli özünüdərkində, oyanışında mühüm rol oynadığını bildirmişlər. Çıxışçılar XX əsrin əvvəllərində Azərbaycanın vətəndaş ziyalılarını, mütərəqqi fikirli söz və ideya məsləkdaşlarını öz ətrafında birləşdirən “Molla Nəsrəddin” ədəbi məktəbinin və tənqidi realizmin banisi, “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru, dərin milli-ictimai təfəkkürə sahib sənətkar Cəlil Məmmədquluzadənin Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki rolundan, İnstitutun ədibin əsərlərinin tədqiqi və nəşri sahəsindəki fəaliyyətindən danışmışlar.

Kitabxananın direktoru prof. Kərim Tahirov cənab prezidentin sərəncamına əsasən bu işıqlı insanın yubileyi münasibətilə çoxsaylı silsilə tədbirlərin həm ölkə miqyasında, həm də ölkədən kənarda yüksək səviyyədə qeyd ediləcəyini, yubileyə hədiyyə olaraq layiqli və sanballı nəşrlərin həyata keçiriləcəyini vurğulamış və iştirakçıları sərgi ilə tanışlığa dəvət etmişdir.

Sərgidə böyük ictimai xadim və söz ustadının müxtəlif dillərdə çap olunmuş ədəbi-publisistik əsərləri, ədib haqqında yazılmış 300-dən çox ədəbiyyat nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.