close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Dilçilik elmində Afad Qurbanov irsi” adlı kitabın təqdimat mərasimi keçirildi

10-01-2019

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş Sayalı Sadıqovanın “Dilçilik elmində Afad Qurbanov irsi” adlı kitabın təqdimat mərasimi keçirildi.

İlk öncə tədbir iştirakçıları görkəmli alim, ictimai-xadim Afad Qurbanovun 90 illiyinə həsr olunmuş “Görkəmli dilçi-alim Afad Qurbanov 90” adlı geniş kitab sərgisi ilə tanış oldular.

Tədbiri Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov açaraq qonaqları salamladı və çıxışında görkəmli azərbaycanşünas alim, dünya şöhrətli türkoloq Afad Qurbanovun türkologiya, ümumi dilçilik və Azərbaycan dilçiliyi sahəsində dəyərli araşdırmaların müəllifi olduğunu söylədi. Afad Qurbanovun elmi yaradıcılığının zəngin və çoxşaxəli olduğunu bildirən prof. Kərim Tahirov akademikin Azərbaycan ədəbi, türkoloji dilçilik, onomalogiya, leksikologiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələrdə yazdığı çoxsaylı, iri həcmli fundamental kitablarının elmi işçilər və tədqiqatçılar üçün dəyərli mənbə olduğunu söylədi.

Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək akademik Afad Qurbanovun zəngin, çoxşaxəli elmi yaradıcılığından, elmi kadrların yetişdirilməsindəki səmərəli fəaliyyətindən geniş söhbət açdı. Akademik Möhsün Nağısoylu onu da qeyd etdi ki, Afad Qurbanov Azərbaycan dilçilik elmini zirvələrə qaldıran, ömrünü dilimizə həsr edən bir şəxsiyyət olub.

ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev alimin Azərbaycan dilçiliyi sahəsində etdiyi dəyərli araşdırmaları haqqında geniş məlumat verdi və akademik Afad Qurbanovun Azərbaycan dilçilik elmində böyük məktəb yaratdığını, yüksək ixtisaslı kadrlar yetişdirdiyini bildirdi.

ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov görkəmli alim Afad Qurbanovun latın qrafikalı yeni Azərbaycan Əlifbasının yaranmasında göstərdiyi misilsiz xidmətlərdən və dilçilik elmindəki nailliyyətlərindən danışaraq, alimin yazdığı hər bir kitabın dilşünas alimlərin, tələbələrin, tədqiqatçıların stolüstü kitabına çevrildiyini bildirdi. Prof. Buludxan Xəlilov çıxışında onu da qeyd etdi ki, akademik Afad Qurbanovun xüsusi xidmətləri sayəsində onomastik konfranslar təşkil olunmuş və həmin konfrans materialları toplu halında çap olunmuşdu.

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqova müəllifi olduğu “Dilçilik elmində Afad Qurbanov irsi” adlı monoqrafiyada Afad Qurbanovun dilçiliyin müxtəlif sahələrini və əlifba məsələsini əhatə edən konseptual elmi tədqiqat əsərlərinin, yaradıcılıq yolunun təhlil edildiyini söylədi.

AMEA-nın müxbir üzvü, prof. Vəli Əliyev, filologiya elmləri doktoru, prof. İsmayıl Məmmədli, filologiya elmləri üzrə fəlsəfə doktoru İradə Kərimova, prof. Asəf
Zamanov, Xalq şairi Nəriman Həsənzadə və digər ziyalılar çıxış edərək görkəmli alim Afad Qurbanovun Azərbaycan dilçilik elminə verdiyi böyük töhfələrdən, eləcə də latın qrafikalı yeni Azərbaycan əlifbasının yaranmasındakı xüsusi xidmətləri haqqında geniş söhbət açdılar.

Sonda Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, Əməkdar elm xadimi, akademik Afad Qurbanovun ailəsi adından hüquq elmləri doktoru, prof. Ramin Qurbanov çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.