close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada F.Köçərli adına Respublika Uşaq kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış Uşaq ədəbiyyatı xəzinəsindən olan “Firidun bəy Köçərli. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir

22-05-2015

May ayının 22-də Milli Kitabxanada  F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası ilə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərliyə həsr olunmuş “Firidun bəy Köçərli:Biblioqrafiya” adlı kitabın təqdimatı keçirilmişdir. Tədbirin əsas məqsədi Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri və xidmətləri olan F.Köçərlini bir daha yad etmək və respublikamızın ədəbi-elmi ictimaiyyətini yazıçının ədəbi-bədii irsinə dair toplanmış bütün materillarla tanış etmək, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi ərəfəsində çap olunmuş kitabları təqdim etməklə kitabxana və onun fəaliyyəti haqqında bütün kitabsevərləri maarifləndirməkdir.

Təqdimat mərasimini Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış və F.Köçərli yaradıcılığına qısa nəzər salmışdır. Sonra F.Köçərli haqqında sənədli film nümayiş olunmuşdur. Giriş sözü Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənliyə verilmişdir. Vaqif müəllim öz çıxışında Köçərli yaradıcılığından geniş söhbət açmış, bu gün təqdimatı keçirilən biblioqrafik vəsaitin vacibliyini, zəruriliyini qeyd etmişdir.

Sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək F.Köçərlinin Azərbaycan ədəbiyyatında mövqeyindən danışmışdır. Çıxışçılar BDU-nun professoru, filologiya elmləri doktoru Alxan Bayramoğlu, biblioqrafiyanın ön sözünün müəllifi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Zaman Əsgərli, Əməkdar jurnalist Flora Xəlilzadə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova çıxış edərək biblioqrafiyanın ərsəyə gəlməsindən, tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edəcəyindən danışmışlar.

Təqdimatda F.Köçərli yaradıcılığına həsr olunmuş “Vətən, millət fədaisi” adlı kitab sərgisi təşkil olunmuşdur.