close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Novruz bayramı” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

19-03-2024

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günü yurdumuza qədəm qoyur. Qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi Yaz bayramının gəlişi Odlar diyarında yüzillərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır.

Novruz bayramı münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Novruz bayramı” elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazasında Novruz haqqında nəşrlər, Novruz adət-ənənələrini, Novruz deyimlərini, foto və videoları və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Novruz/index.html linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanası bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, xalqımıza bahar əhval-ruhiyyəsi, sağlamlıq arzu edir. Bu bayram öz gəlişi ilə hər bir evə bol ruzi-bərəkət və firavanlıq gətirsin! Novruz bayramınız mübarək olsun!