close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada VI Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları Rusiya Milli Kitabxanasının “Kitabxana işləri üzrə” baş direktorun müavini Tixonova Elena Valeryevna və Sankt-Peterburq Mədən Universitetinin “Rus dili və ədəbiyyatı” şöbəsinin müdiri fi

25-10-2018

Oktyabr ayının 25-də VI Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları Rusiya Milli Kitabxanasının “Kitabxana işləri üzrə” baş direktorun müavini Tixonova Elena Valeryevna və Sankt-Peterburq Mədən Universitetinin “Rus dili və ədəbiyyatı” şöbəsinin müdiri filologiya elmləri doktoru, prof. Şukina Darya Alekseyevna  Milli Kitabxanada olmuşlar.

Qonaqları Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qəbul edərək salamlamış, Azərbaycan və Rusiya Milli Kitabxanaları arasındakı əməkdaşlıqdan geniş söhbət açmışlar. Qonaqlar da öz növbəsində Azərbaycanda olduqları və VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etdiklərinə görə öz məmnunluqlarını bildirmişlər.

Görüş zamanı Prof. Kərim Tahirov Xalq yazıçısı Elçinin “Мечта, жизнь, литература”, “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” kitablarını və Bakının simvolu olan Qız Qalası suvenirini qonaqlara hədiyyə etmişdir.

Milli Kitabxananın Xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova qonaqları kitabxana ilə tanış etmişdir. Qonaqlar kitabxananın “Kitab fondlarının mühafizəsi” şöbəsində, “Oxuculara xidmət” şöbəsində, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində, “Elektron resursların yaradılması” şöbəsində, “Not nəşrləri və səsyazmaları” şöbəsində və digər şöbələrdə olmuş, Milli Kitabxanada gedən yenidənqurma işləri ilə yaxından tanış olmuş, avtomatlaşdırılma prosesinin dünya kitabxanaları səviyyəsində olduğunu qeyd edərək bu işi yüksək qiymətləndirmişlər. Milli Kitabxananın Elektron kitabxanası qonaqlarda xoş təəssürat yaratmışdır.  Onlar Milli Kitabxananın oxu zallarında olarkən oxucuların sıxlığı qonaqların diqqətini çəkmiş və bunu Azərbaycanda kitaba, mütaliəyə marağın artması ilə əlaqələndirmişlər. Qonaqlar eyni zamanda Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada olmuşlar.  Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan “Açıq Kitabxana” layihəsi qonaqlarda xoş təəssürat yaratmışdır. Onlar bu layihənin yaranma tarixi ilə maraqlanmışlar. Direktor müavini Ədibə İsmayılova “Açıq Kitabxana” layihəsi haqqında qonaqlara ətraflı məlumat vermişdir. Onlar belə bir layihənin öz kitabxanalarında da həyata keçirilməsini arzulamışlar. Qonaqlar Açıq Kitabxana haqqında təəssüratlarını Xatirə kitabında qeyd etmişlər.

Sonda qonaqlarla xatirə şəkli çəkilmişdir.