close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq artisti Bəhram Mansurov” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

12-02-2026

12 fevral 2026-ci il tarixində Milli Kitabxanada klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi, görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyi münasibətilə Xalq artisti Bəhram Mansurov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə muğamı qüsursuz səsləndirən, fitri istedada malik, mahir tarzən Bəhram Mansurovun qramplastinkalara köçürülmüş tar ifaları, Azərbaycan musiqi tarixindəki xidmətləri, sənətkarın yaradıcılıq yolu, incəsənət xadimlərinin xatirələri, bənzərsiz sənət dünyası, qoyduğu irs haqqında ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 1911-ci il fevral ayının 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. İlk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində alıb. Tar çalmaq sənətini atasından və əmisi Mansur Mansurovdan öyrənib.

O, 1929-cu ildən Azərbaycan Dövlət Şərq orkestrində, sonralar Azərbaycan Televiziya və Radiosunun Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib, Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, C.Qaryağdıoğlu, S.Şuşinski, H.Sarabski, H.Rzayeva, Z.Adıgözəlov və d. görkəmli xanəndələri müşayiət edib.

1941-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib. Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib. Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.

Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, həmçinin “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESCO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.

1971-ci tarzən Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib.

Bəhram Mansurov 1978-ci və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.

1956-cı ildə “Əməkdar artist”, 1978-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Sərəncamı ilə 2011-ci ildə anadan olmasının 100 illiyi qeyd edilib.

Yaradıcılığı bu gün də tədqiq olunur, haqqında bir çox kitab, monoqrafiya və məqalələr çap olunur.

 

icon

Foto qalereya