close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq artisti Rəşid Behbudov - 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

13-12-2025

Milli Kitabxanada Azərbaycan mədəniyyətinin əfsanəsi, ecazkar səsi, ifaçılıq və aktyorluq məharəti ilə dünyanı heyran qoyan, Azərbaycanın Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Xalq artisti Rəşid Behbudov - 110” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə Azərbaycan musiqi mədəniyyətində görkəmli yer tutan, Dövlət mükafatları laureatı, estrada və opera müğənnisi, aktyor, Xalq artisti Rəşid Behbudov həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, onun sənəti, səs tembri və əsas üslub xüsusiyyətləri, xalq və bəstəkar mahnılarının ifası ilə bağlı tədqiqat işləri və s, fotolar, qramplastinkalar, dövri mətbuat materialları nümayiş olunur.

Azərbaycan torpağının şan-şöhrətli oğlu, doğma Azərbaycanı planetimizin hər yerində sevə-sevə təbliğ edən Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlib.

Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. O ölməz səsi ilə hələ də qəlblərdə sevilərək yaşayır. Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan Rəşid Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə verib. Dahi müğənni özünün zəngin, çoxcəhətli həyat və yaradıcılığı, tükənməz istedadlı, ecazkar səsi ilə yer kürəsinin saysız-hesabsız məmləkətlərində qastrol səfərlərində olub, misilsiz müvəffəqiyyətlə çıxış edib, insanların xatirində silinməz izlər qoyub.

Ölkə prezidentinin sərəncamına əsasən Azərbaycan mədəniyyətinin inkişafı və təbliği naminə misilsiz xidmətlər göstərmiş qüdrətli ölməz korifey sənətkarımız Rəşid Behbudovun 2015-ci ildə 100 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib.

icon

Foto qalereya