close
icon E-kataloq və kitabxana

“Milli-mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolu” mövzusunda Beynəlxalq Konfrans keçirilib

01-10-2025

1 oktyabr tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “Milli-mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolu” mövzusunda Beynəlxalq  konfrans keçirilib.

Konfransı Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, son dövrlərdə kitaba marağın artmasının qürurverici hal olduğunu bildirib. Qeyd edib ki, kitabxanalar milli-mənəvi dəyərlərin saxlanc yeri olmaqla yanaşı, onların etibarlı mühafizəsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kitab və nəşr məhsullarının milli-mənəvi dəyərlərin əsas komponentlərindən biri olduğunu vurğulayan natiq onların qorunmasına və mühafizəsinə diqqətin artırılmasının vacibliyini bildirib, kitabxanaların isə bu missiyanın həyata keçirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək qonaqları salamlayıb. O, kitabın hər zaman nəsillər boyu Azərbaycanda və dünyanın müxtəlif ölkələrində qorunub saxlanıldığını vurğulayıb. Bildirib ki, kitab ayrı bir aləmdir və ona daim hörmətlə yanaşılmalıdır. Komitə sədri beynəlxalq kitab sərgilərinin əhəmiyyətini qeyd edərək, gənclərin kitaba marağının artırılmasının vacibliyini diqqətə çatdırıb. O, əsas məqsədin kitabların və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması olduğunu bildirib.

Konfransda Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu,  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasova, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı,  Küveyt Milli Kitabxanasının direktoru Seham Alezam çıxış ediblər.

Çıxışlarda kitabxanaların millətin yaddaşını, bilik və mədəniyyətini birləşdirən, kitabları qoruyub saxlayan müqəddəs məkan olduğu qeyd olunub. Bildirilib ki, milli-mənəvi dəyərlərin yaşadılması tariximizə, bu günümüzə və gələcəyimizə göstərilən ehtiramın təcəssümüdür. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin kitab və kitabxanaya göstərdiyi diqqət və qayğı, eləcə də kitabxana fondlarının zənginləşdirilməsinə verdiyi töhfələr xüsusi vurğulanıb. Beynəlxalq Kitab Sərgisinin əhəmiyyəti qeyd edilərək, kitabxanalar arasında əlaqələrin qurulmasının önəmi diqqətə çatdırılıb.

Daha sonra Azərbaycan Milli Kitabxanasına həsr olunmuş qısa videoçarx nümayiş olunub.

Konfrans məruzələrlə davam edib.

Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Mədəni irs nümunələrinin mühafizəsi sahəsində Azərbaycan Milli Kitabxanasının fəaliyyəti”, Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi “Keçmişi qorumaq, gələcəyi ilhamlandırmaq: Mərakeş Krallığının Milli Kitabxanasının öhdəliyi”, Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu “Kitabxanaların mədəni irsin qorunmasında rolu: Cümhurbaşqanlığı Millət Kitabxanası”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Afət Abbasova “Kitabxanalar – dəyərlərimizi gələcəyə aparan körpüdür”, Küveyt Milli Kitabxanasının direktoru Seham Alezam “İrsdən gələcəyə: Küveyt Milli Kitabxanasının mədəniyyət sahəsində rolu”,  AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru, dosent  Hüseyn Hüseynov  “Kitabxanaların milli-mənəvi dəyərlərin qorunmasında və inkişaf etdirilməsində rolu”,  Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mübariz Məmmədli “Respublika Elmi-Texniki Kitabxanasında Azərbaycanın elmi və mədəni mülkiyyətinin qorunması”, Azərbaycan Milli Kitabxanasının Elmi-tədqiqat kitabxanaşünaslıq və metodik təminat şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aygün Koçak “Azərbaycan Milli Kitabxanasında mühafizə olunan qiymətli İstanbul nəşrləri (XVIII–XIX əsrlərə aid nadir əsərlər haqqında)” mövzularında çıxış ediblər.

icon

Foto qalereya