close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Nəriman Nərimanov” biblioqrafiyasını nəşr etdirib

15-04-2021

2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olmuşdur. Bu münasibətlə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Nəriman Nərimanov” biblioqrafiyasını nəşr etdirib.

Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.

       Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Nəriman Nərimanov” biblioqrafiyası görkəmli yazıçısı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilmişdir. Biblioqrafiyada N.Nərimanovun kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri öz əksini tapmış, həmçinin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin material toplanmışdır.

      

       Onu da qeyd edək ki, Nəriman Nərimanov haqqında ilk biblioqrafiya 1972-ci ildə ədibin anadan olmasının 100 illiyi münasibətilə görkəmli biblioqraf, filologiya elmləri namizədi Fərman Bayramovun tərtibçiliyi ilə (“Nəriman Nərimanov (1870-1970): Biblioqrafik göstərici”) çap olunmuşdur. Ədibin ədəbi və ictimai-siyasi fəaliyyətinin əhəmiyyətini nəzərə alaraq, haqqında aparılan tədqiqat işlərinin pərakəndəliyini aradan qaldırmaq, fundamental informasiya resursu yaratmaq məqsədilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən yeni biblioqrafiya tərtib edilmişdir.

Kitabın əvvəlində “Nəriman Nərimanovun həyat və fəaliyyətinin əsas tarixləri”, “Nəriman Nərimanovun hikmətli sözləri və mülahizələri”, “Görkəmli şəxsiyyətlər Nəriman Nərimanov haqqında” bölmələri verilmişdir. Biblioqrafiyada görkəmli yazıçının kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, imzaladığı əmr, sərəncam və dekretlər, elmi və publisistik məqalələri öz əksini tapmışdır. Həyat və yaradıcılığı haqqında kitablar ayrıca bölmə şəklində təqdim edilmiş, dövri mətbuatda çapdan çıxan materiallar müvafiq bölmələr üzrə qruplaşdırılaraq təqdim edilmişdir. Biblioqrafik göstəricinin “Əlavələr” bölməsinə “Arxiv materialları”; “N.Nərimanovun tədqiqatçıları” və “N.Nərimanov mövzusunda əsərləri olan rəssamlar” altbölmələri daxil edilmişdir. 1890-2020-ci illəri əhatə edən biblioqrafiyada zəngin material toplanmışdır. İlk dəfə olaraq “Nəriman Nərimanov dünya kitabxanalarında” və “Nəriman Nərimanov dünya universitet kitabxanalarında” bölmələri də verilmiş, N.Nərimanovun Bakı şəhərindəki Xatirə Muzeyinin materiallarından da istifadə edilmişdir.

Azərbaycan, rus və başqa dillərdə çap olunmuş materialları ehtiva edən biblioqrafiyada ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında qruplaşdırılmış, daxildə əlifba sırasına riayət edilmişdir. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə Nəriman Nərimanovun əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəricilərindən ibarət köməkçi aparat verilmişdir.

Kitab ədəbiyyatşünas alimlər, tarixçilər, politoloqlar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/N.Nerimanov.pdf linkindən istifadə edə bilərlər.