close
icon E-kataloq və kitabxana

“Nəsimi ili”nin açılış mərasimi Ankara Cumhurbaşkanlığının Simfonik Orkestrasının konsert salonunda davam etmişdir.

07-03-2019

Martın 6-da Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında keçirilən “Nəsimi ili”nin açılış mərasimi Cumhurbaşkanlığı Simfonik Orkestrasının konsert salonunda davam etmişdir.

Konsert proqramında ilk öncə TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək 2019-cu ilin türk dünyasında “Nəsimi ili” elan olunmasını tarixi hadisə kimi dəyərləndirmiş və 2013-cü ildən həyata keçirilən tarixi şəxsiyyətləri tanıtma layihəsinin türkdilli xalqların milli sərvətinə çevrildiyini bildirmişdir. Türkdilli xalqların ortaq mədəniyyətinin, ədəbiyyatının, eləcə də tarixi şəxsiyyətlərinin tanınmasına xidmət edən bu layihə milli dəyərlərimizin inteqrasiyasını təmin edir.

Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev ilk öncə 2019-cu ilin türk dünyasında “Nəsimi ili” elan olunmasına görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Azərbaycan mədəniyyətinə və tarixi şəxsiyyətlərinə göstərdiyi ehtirama görə Azərbaycan Respublikası Prezident İlham Əliyevin adından TÜRKSOY-a təşəkkürünü bildirmişdir.

  Əbülfəs Qarayev çıxışında İmadəddin Nəsiminin tək şair, mütəfəkkir deyil, insan fəlsəfəsinin, azadlığının yolunda mübarizə aparan bir şəxsiyyət olduğun qeyd etmiş və bütün türk dövlətlərində, eləcə də Parisdə, Nyuyorkda “Nəsimi ili” geniş qeyd edildiyini söyləmişdir.  Cənab nazir söyləmişdir ki, 650 il keçməsinə baxmayaraq onun yaradıcılığındakı nadir üslubun hər zaman poeziyasevərlər tərəfindən cəlbedici qarşılanması, şeir və qəzəllərinin sevilə-sevilə oxunması, böyük tədqiqatçıların Nəsimi fəlsəfəsinə göstərdikləri marağın artması dahi şairin yaradıcılığına göstərilən diqqətin göstəricisidir.

Əbülfəs Qarayev İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, şəxsiyyətinin əbədiləşdirilməsi, əsərlərinin kütləvi şəkildə nəşrinin, həyat və yaradıcılığının elmi araşdırılmasının ümummilli lider Heydər Əliyev adı ilə bağlı olduğunu söyləmişdir. Bu ənənə davam etdirilmiş Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ötən il Bakıda Nəsimi - şeir, sənət və mənəviyyat festivalı keçirilmiş, cənab prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə 2019-cu il “Nəsimi ili” elan olunmuş və böyük şairin anadan olmasının 650 illiyi dövlət səviyyəsində qeyd edilir.

Çıxışlardan sonra konsert bədii hissə ilə davam etmiş, Azərbaycanın xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə TRT xorunun, tanınmış aşıqlar Səlahəddin Dündar və Mehmet Gökçenin, Azərbaycanın Əməkdar artisti Feyruz Səxavətin rəhbərlik etdiyi muğam üçlüyünün ifasında Nəsiminin sözlərinə yazılmış musiqilər səsləndirilmişdir.