close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” (Müasir dövrdə Nizami mədəni irsinin təfsiri) adlı kitabın təqdimat mərasimi keçirilib

07-04-2021

Aprelin 7-də Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar sərəncamına müvafiq olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Milli Kitabxana birgə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ingilis dilində nəşr etdiyi “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” (Müasir dövrdə Nizami mədəni irsinin təfsiri) adlı kitabın təqdimat mərasimini keçirib.

Tədbiri açılış nitqi ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq ilk öncə tədbir iştirakçılarını salamlayıb. O, bildirib ki, bu ilin görkəmli mütəffəkkir və alim Nizami Gəncəviyə həsr olunması təqdirəlayiq bir addımdır. Milli Kitabxana olaraq artıq Nizami Gəncəvi ilə bağlı üç tədbirin keçirildiyini vurğulayan direktor qeyd edib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəviyə məxsus olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini “Nizami ili” çərçivəsində də davam etdirir. Bu məqsədlə, Türkiyədən, Praqadan, Misirdən və digər ölkələrdən Nizami əsərlərinin digital versiyalarının gətirilməsi işini həyata keçirir.

O, qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanı dünyaya tanıdan ən görkəmli şairimizdir. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami Gəncəvinin yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Kərim Tahirov təqdim olunan ingilis dilli kitabın nəşrini yüksək qiymətləndirərək onun Nizaminin 880 illik yubileyinə bir töhfə olduğunu bildirib.

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri Elnur Əliyev çıxış edərək  bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təsis olunduğu gündən bu günə qədər əsas iş prinsipi Nizami Gəncəvi şəxsiyyətinin dünyaya, beynəlxalq arenaya tanıdılmasıdır. Bu məqsədlə, mərkəz dünyaca nüfuzlu nizamişünas alimlər və şərqşünaslarla Nizami İrsinin öyrənilməsi və təbliği istiqamətində əməkdaşlıq etməkdədir. Bu əməkdaşlığın nəticəsi olaraq 2018-ci ilin 14-15 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası tərəfindən ilk dəfə Bakı şəhərində “Nizami Mədəni İrsinin Müasir Dövrdə İnterpretasiyası” adlı, 13 müxtəlif ölkədən (Kanada, Braziliya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiya) 21 xarici və 30 yerli alimin iştirakı ilə beynəlxalq elmi konfrans təşkil olunmuşdur. Konfransda mövzunun nəzəri və praktiki aspektləri, Nizami poeziyasının estetikası, fəlsəfəsi, ədəbiyyatda “milli mənsubiyyət” fenomeni – irredentizm, Nizami irsi nümunəsində ortaq mədəni keçmiş problemləri müzakirə olunmuşdur.

Sonra o, bildirib ki, Nizami fəlsəfəsində kamil insan, ədalət yanaşması mühüm əhəmiyyət kəsb edir. Və bütün bu amillər müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlamaqdadır. Onu da qeyd edək ki, Nizami Gəncəvi çox sayda miniatürlər yazıb ki, bu miniatürlərin də dünya kitabxana və muzeylərində saxlanılması bir daha Nizami şəxsiyyətinin böyüklüyünü sübut edir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas istiqamətlərindən biri də beynəlxalq səviyyədə istinad oluna biləcək Nizami yaradıcılığı ilə bağlı kitabların nəşridir. Məhz, bugün təqdim etdiyimiz “The interpretation of Nizami’s cultural heritage in the contemporary period” kitabı da bu məqsədə xidmət edir.

Təqdimat mərasiminə İngiltərədən, Almaniyadan, Misirdən və digər ölkələrdən nizamişünas alimlərin onlayn bağlantısı da olub. Belə ki, Böyük Britaniya Kembric Universitetinin Yaxın Şərq Tədqiqatları kafedrasının rəhbəri Dr. Kristin Van Rimbeki, Hindistan Kəşmir Universitetinin İslamşünaslıq üzrə professoru Nasim Əhməd Şah, Almaniya Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının rəhbəri, professor  Eva-Maria Aux, Şota Rustaveli adına Gürcü ədəbiyatı İnstitutunun direktoru, Gürcüstan Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin birgə həyata keçirdiyi “Nizami Gəncəvi və Şota Rustaveli” beynəlxalq layihəsinin icraçısı, professor İrma Ratiani və professor Maka Elbakidze onlayn formada tədbirə qoşularaq öz çıxışlarını ediblər.

Tədbirə onlayn formada qoşulan Nizami Gəncəvi ədəbi irsinin davamçısı, Gəncə Dövlət Universitetinin professoru Xəlil Yusifli ilk öncə belə bir tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasına, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Daha sonra o, Nizami yaradıcılığından bir parça rübai deyərək, Nizami şəxsiyyətinin təkcə Azərbaycan poeziyası üçün deyil, eləcə də dünya poeziyası, ədəbiyyatşünaslığı üçün qiymətli olduğunu vurğulayıb. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yerini tutmaqdadır. O, bildirib ki, Nizaminin istər şeirlərini, istərsə də poemalarını nəzərdən keçirdikcə orada tərbiyə, əxlaq, ədalət, humanizm prinsiplərinin olduğunun şahidi oluruq.

Daha sonra AMEA Əlyazmalar İnstitutunun direktoru, professor Teymur Kərimli çıxış edərək kitabın nəşrində əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirib. O, bildirib ki, Nizami söz, fikir və ideyalar dünyamızın əvəzolunmaz simalarından biridir. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. O, Nizami haqqında belə bir tərtibatda kitabın xarici dildə nəşrini yüksək qiymətləndirərək onun beynəlxalq bazada tanıdılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Tədbirin davamında Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva; Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, ədəbiyyatşünas Rafiq Novruzov; şərqşünas, filologiya elmləri doktoru Nəsib Göyüşov; teatrşünas, professor Aydın Talıbzadə; “Mədəniyyət/culture” jurnalının baş redaktoru, Azərbaycan Rəssamlar və Jurnalistlər İttifaqlarının üzvü Zöhrə Əliyeva çıxış ediblər. 

 

 

 

 

 

icon

Foto qalereya