close
icon E-kataloq və kitabxana

Oktyabr ayının 31-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanası birgə XI əsrin məşhur mütəfəkkir-şairi Xoca Əhməd Yasəviyə həsr olunmuş Beynə

31-10-2016

Oktyabr ayının 31-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Milli Kitabxanası birgə XI əsrin məşhur mütəfəkkir-şairi Xoca Əhməd Yasəviyə həsr olunmuş Beynəlxalq Elmi Konfrans və kitab sərgisinin açılışı mərasimini keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, abidəsi önünə əklillər qoymuş, Şəhidlər Xiyabanında olmuşlar.

Milli Kitabxana ilə yaxından tanış olan qonaqlar kitabxanada gedən yeni avtomatlaşdırılmış iş proseslərlə maraqlanmış, yeni layihəsi olan “Açıq kitabxana” ilə tanış olmuş, “Xatirə kitabı”na öz ürək sözlərini yazmışlar.

Beynəlxalq Elmi Konfransı açan kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları salamlamış, TÜRKSOY-la birgə keçirilən tədbirlərdən danışmış, sözü Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə vermişdir. O, çıxışında Xoca Əhməd Yasəvi yaradıcılığına qısa nəzər salmışdır.

TÜRKSOY-un Baş katibinin müavini, prof. dr Fırat Purtaş tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya Baş katib adından təşəkkürünü bildirmişdir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, Əhməd Yasəvi Universitetinin İdarə heyətinin sədri, prof. dr. Musa Yıldız, millət vəkili Qənirə Paşayeva, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman çıxış edərək türk dünyasının böyük mütəfəkkirinin yaradıcılığından söz açmışlar.

ADPU-nun Filologiya fakültəsinin dekanı, prof. Buludxan Xəlilov “Türk dünyasının görkəmli ədibi Xoca Əhməd Yasəvi” adlı əsas məruzə ilə çıxış etmiş, Ankara Universitetinin prof. dr. Zülfikar Güngör “Xoca Əhməd Yasəvi hikmətlərində sosial məzmunlu ismarıclar”, Makedoniya Elmlər Akademiyasının prof. dr. Numan Aruc “Türk-islam düşüncəsinin simvol ismi Əhməd Yasəvinin mistik fəlsəfəsi”, Qazaxıstanın TÜRKSOY-dakı təmsilçisi, doç.dr. Askar Turganbay “Aristan Bap haqqındakı qazax hekayələri” mövzuları üzrə məruzə etmişlər.

TÜRKSOY-un Baş katibinin müavini, prof. dr Fırat Purtaş TÜRKSOY adından məruzəçilərə sertifikatlar təqdim etmişdir.

Xoca Əhməd Yasəviyə həsr olunmuş kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Sonda xatirə şəkli çəkilmişdir.