close
icon E-kataloq və kitabxana

“Prezident və millətin mənəvi dirçəlişi” adlı beynəlxalq forum

01-12-2014

Bu ilin noyabr ayının 14-dən dekabr ayının 1-ə kimi Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin və Akademik Milli Kitabxananın təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Birinci Prezidenti gününə və Akademik Milli Kitabxananın 10 illiyinə həsr olunmuş “Prezident və millətin mənəvi dirçəlişi” adlı beynəlxalq forum keçirilmişdir. Forumda dövlət idarələrinin rəhbərləri və rəsmi nümayəndələr, Qazaxıstan Respublikası Parlamentinin deputatları, mədəniyyət, təhsil, elm xadimləri, yazıçılar, naşirlər, jurnalistlər, dini icma nümayəndələri, kitabxana və muzey işçiləri iştirak edirdilər.

Noyabr ayının 14-dən başlayan forum çərçivəsində müxtəlif mövzularda dəyirmi masalar, kitab təqdimatları, poeziya gecələri, dialoq meydançaları, konsert proqramları və digər tədbirlər keçirilmişdir.

Noyabr ayının 30-da Qazaxıstan Respublikası Akademik Milli Kitabxananın 10 illiyinə həsr olunmuş yubiley tədbirinin rəsmi açılışı başlanmışdır. Tədbirə Azərbaycan və Türkiyə Milli Kitabxanası, B. N. Yeltsin adına Prezident Kitabxanası, Avrasiya Kitabxanalar Birliyi (БАЕ) də qatılmışdır. Tədbiri giriş sözü ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri Arıstanbek Muxamediulı açmışdır. Sonra təbrik üçün söz dövlət və içtimai xadim, Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi Oljas Suleymenova, Dövlət Mükafatı Laureatı, Qazaxıstan Respublikası Parlamentinin deputatı yazıçı Aldan Smaila, sonra isə Türkiyədən, Azərbaycandan və Rusiyadan gələn qonaqlara verilmişdir. Azərbaycan Milli Kitabxanasının adından kitabxananın direktor müavini Mələk Xanım Hacıyeva qazax xalqına öz təbriklərini çatdırmışdır.

Çıxışlar bitdikdən sonra müxtəlif müsabiqələrin, o cümlədən, “Qazaxıstanın ən yaxşı kitabxanası”, “İlin ən yaxşı kitabxanaçısı”, “İlin ən fəal oxucusu”, “Kitabxana şəbəkəsi üzrə ən yaxşı İT mütəxəssisi”, “Ən yaxşı naşir”, “Ən yaxşı kitabxana memarı”, və dıgər müsabiqələrin qaliblərinə mükafatlar təqdim olunmuşdur. Tədbir geniş konsert proqramı ilə sona çatmışdır.

 Səhəri günü qədim türk mədəniyyətinə həsr olumuş dəyirmi masa keçirilmişdir. Bununla da forum öz işini bitirmişdir.