close
icon E-kataloq və kitabxana

Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş “Qara Qarayev 100” adlı elektron məlumat bazasının təqdimat mərasimi

09-02-2018

Fevral ayının 9-da Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə dünya şöhrətli dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı, musiqiçi-alim, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Qara Qarayev 100” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlamış, ölməz sənətkarın Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğində əvəzsiz rolundan danışmışdır. Direktor ötən ay Los-Anceles Universiteti kitabxanasında ezamiyyədə olarkən amerikalılar ona söyləmişlər ki, hələ 1961-ci ildə Qara Qarayev orada çıxış etmiş və on beş dəqiqə ayaq üstə alqışların ardı arası kəsilməmişdir. O, demişdir ki, bəstəkarın Moskvada müəllimi olmuş D.Şostakoviç Qara Qarayevin “Üçüncü simfoniya”sı ilə dünya musiqisində inqilab etdiyini qeyd edirdi.

Professor Kərim Tahirov bildirmişdir ki, Qara Qarayev, Üzeyir Hacıbəyov, Müslüm Moqamayev, Niyazi kimi istedadlı şəxsiyyətlərin dünya miqyasında tanıdılmasında, onların sənətinin, fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu danılmazdır.

Professor Kərim Tahirov dahi bəstəkarın rəngarəng obrazlar yaratmaqla dünya teatr səhnələrində əsərləri ilə çıxış etdiyini deyərək, Azərbaycan və dünya musiqi irsinə verdiyi töhfələrdən danışmış, milli fəxrimiz olan unudulmaz bəstəkarın Azərbaycan klassik musiqisinin formalaşması və inkişafındakı əvəzsiz rolunu qeyd etmişdir.

Daha sonra bəstəkar haqqında qısa film nümayiş olunmuşdur.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirmişdir ki, Üzeyir Hacıbəyov və Dmitri Şostakoviç kimi dahi bəstəkarlardan dərs alan Qara Qarayevin əsərlərində şərqlə qərbin vəhdəti hiss olunur. O, bəstəkarın yubileyi ilə bağlı il ərzində kitabxana tərəfindən təşkil ediləcək silsilə tədbirlərdən danışmış, hazırlanmış tammətnli elektron məlumat bazasını qonaqlara təqdim etmişdir. O, bazanın quruluşunu açmış, hazırlanmış bölmələr haqqında məlumat vermişdir. Baza “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Qara Qarayev haqqında”, “Qara Qarayev Azərbaycan musiqisi və görkəmli sənətkarlar haqqında”, “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya”, “Audioqalereya” adlı hissələrdən ibarətdir və özündə zəngin materialları ehtiva etməklə kitabxananın saytında ümumi istifadə üçün açıqdır.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov çıxış edərək Qara Qarayev kimi adı dünya mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış dahi şəxsiyyət haqqında danışmağın məsuliyyətli iş olduğunu qeyd etmişlər. Çıxışçılar yubileylə bağlı görülmüş işlərdən danışmış, Milli Kitabxana tərəfindən hazırlanmış və bəstəkarın həyat və yaradıcılığını bütöv şəkildə əks etdirən bu zəngin bazanın istifadəçilər üçün qiymətli mənbə rolunu oynayacağını vurğulamışlar.

Sonda professor Kərim Tahirov bəstəkarın yubileyinin YUNESKO-da və dünyanın bir çox şəhərlərində qeyd ediləcəyini, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədinin Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini dünya səviyyəsində təbliği olduğunu demişdir. O, Qara Qarayev haqqında fundamental biblioqrafiyanın hazırlandığını və ilin sonunda çap ediləcəyini qeyd edərək, ölkəmizi dünyada tanıdan bu cür şəxsiyyətlər haqqında mütəmadi olaraq bundan sonra da tədbirlərin keçiriləcəyini demişdir.