close
icon E-kataloq və kitabxana

“Qaranlıqdan işığa. Əsgər ağa Gorani”

24-11-2017

Noyabr ayının 24-də Milli Kitabxanada yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının ictimai fikir tariximizin görkəmli nümayəndələrindən biri jurnalist, tərcüməçi və dramaturq Əsgər ağa Adıgözəlov Goraniyə həsr olunmuş “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, kitab haqqında məlumat verərək Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, xeyriyyəçi, pedaqoq, tərcüməçi, dramaturq, jurnalist Əsgər ağa Adıgözəlov Goraninin ictimai, publisist, xeyriyyəçilik fəaliyyətinin, o cümlədən indiyə kimi fəaliyyətinin işıqlandırılmayan sahələrinin tədqiq edildiyini bildirdi.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov Əsgər ağa Goraninin Azərbaycanın səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə “Əkinçi”nin ən fəal müxbiri, tərcüməçi olduğunu söylədi.

Çıxışçılar- BDU-nun professoru İzzət Rüstəmov, professor Alxan Bayramoğlu, Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri, Əməkdar mədəniyyət işçisi, teatrşünas Atababa İsmayıloğlu, professor Ənvər Əhməd, professor Vaqif Yusifli, Xalq artisti, tarzən Fikrət Verdiyev və b. Əsgər ağa Goraninin çoxşaxəli yaradıcılığından, Azərbaycan dilində ilk coğrafiya kitabının müəllifi olduğundan, xeyriyyəçilik fəaliyyətindən ətraflı danışdılar.

Əsgər ağa Göraninin nəticəsi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov ailəsi adından hər kəsə minnətdarlığını bildirdi.

Sonda müəllif Gülhüseyn Kazımlı çıxış edərək təqdimatın keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Milli Kitabxanaya təşəkkür etdi. O kitabın ərsəyə gəlməsindən, apardığı tədqiqat işindən, bunun nəticəsi olaraq əlimizə gəlib çatmayan M.Lermantovdan tərcümə etdiyi “Yel gəmisi” balladasını və “Qocalıqda yorğalıq” pyesini tapmasından danışdı.

Tədbir iştirakçıları Əsgər ağanın zəngin həyat yolunu özündə əks etdirən kitab sərgisi ilə tanış oldular.

Tədbirdə görkəmli elm xadimləri, alimlər, ziyalılar, Milli Kitabxananın əməkdaşları və b. iştirak edirdilər.