close
icon E-kataloq və kitabxana

Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel Azərbaycan Milli Kitabxanasında qonaq olub

25-08-2023

         25 avqust 2023-cü il tarixində Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel Azərbaycan Milli Kitabxanasının qonağı olub.

         Görüş zamanı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov səfiri salamlayaraq, onu kitabxanada görməkdən məmnun olduğunu vurğuladı. Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamına əsasən cari ilin sentyabr ayında keçiriləcək Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi çərçivəsində “Xalqların qardaşlığı - ədəbiyyatların qardaşlığıdır” mövzusunda Qazax ədəbiyyatının görkəmli nümayəndəsi Kemel Tokayevin 100 illik yubileyinə və böyük ədib, ədəbiyyatşünas alim  Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunacaq dəyirmi masa və kitabların təqdimatı haqqında təfərrüatlar müzakirə olundu. Direktor Milli Kitabxanada fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq zalında yaradılan Qazaxıstan daimi guşəsi haqqında məlumatı səfirin diqqətinə çatdırdı.

       Səfir Azərbaycan Milli Kitabxanası ilə tanış olaraq, burada olmaqdan məmnun olduğunu bildirdi. O, eyni zamanda “Heydər Əliyev guşəsi”, “Tələbə gənclərə xidmət zalı”, “Uşaq şöbəsi və uşaq istirahət otağı”, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsi ilə tanış oldu.

      Sonda qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbom, “Salam Azərbaycan”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabları və Azərbaycanın xəritəsi təqdim olundu və xatirə şəkli çəkildi.

icon

Foto qalereya