close
icon E-kataloq və kitabxana

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan İanku Milli Kitabxanada

03-05-2018

May ayının 3-də Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Iancu (Dan İanku) Milli Kitabxanada olmuşdur. Qonaqları Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamışdır. Görüşdə həmçinin Milli Kitabxananın Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə xanım İsmayılova da iştirak etmişdir. Cənab səfir Milli Kitabxanaya daha əvvəl də bir neçə dəfə gəldiyini vurğulamış və ortaq bir layihə ilə bağlı təklif irəli sürmək istədiyini qeyd etmişdir. Səfir bildirmişdir ki, 2018-ci il Azərbaycan üçün əlamətdar bir il olduğu kimi Rumıniya üçün də simvolik bir ildir. O qeyd etmişdir ki, 2018-ci ildə Rumıniyanın bütün əyalətlərinin birləşməsinin 100 illiyi qeyd olunur. 1918-ci il 1 dekabr tarixində Transilvaniya Rumıniya Krallığına biləşdirilmişdir. Bununla bağlı olaraq cənab səfir iyun ayının ortalarında Milli Kitabxanada Rumıniyanın tarixi ilə bağlı foto şəkillərdən ibarət bir sərginin təşkil edilməsi təklifini irəli sürmüşdür. Cənab Dan İanku ilk dəfə Milli Kitabxanada Latviya ilə bağlı foto sərgidə iştirak etdiyini bildirərək belə bir sərginin  Rumıniya ilə də təşkil edilməsinin ortaq mədəniyyətə və adətlərə sahib iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə köməklik göstərəcəyini söyləmişdir. Səfir eyni zamanda Rumıniya və Azərbaycan milli kitabxanaları arasında imzalanacaq Memorandum layihəsinin artıq Rumıniya tərəfi ilə tam razılaşdırdığını və bu sənədin imzalanma üçün hazır olduğunu da direktorun nəzərinə çatdırmışdır.  

Professor Kərim Tahirov səfirin birgə sərginin təşkili barədə təklifini dəyərləndirdiyini bildirmiş,  sərginin təşkili ilə bağlı məsələlərin qarşılıqlı müzakirəsindən sonra ortaq bir razılaşmaya gəlinə biləcəyini vurğulamışdır. Kərim Tahirov həmçinin Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum layihəsinin imzalanması ilə bağlı da fikirlərini bildirmiş, imzalanma mərasiminin Milli Kitabxanada payızda keçiriləcək beynəlxalq tədbir çərçivəsində və yaxud da  Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək beynəlxalq tədbir çərçivəsində təşkil edilə biləcəyini söyləmişdir.

Görüşün sonunda direktor Kərim Tahirov cənab səfirə Milli Kitabxanaya gəldiyi üçün öz təşəkkürünü bildirmiş və görüşdən məmnunluğunu ifadə etmişdir. Daha sonra qonağa “A guest in Azerbaijan” və Azərbaycanın qədim musiqi alətləri haqqında olan “Azerbaijan musical instruments” kitablarını hədiyyə etmişdir.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.