19-06-2025
19 iyun tarixində Milli Kitabxanada Azərbaycanın görkəmli yazıçı-dramaturqu, Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olmasının 115 illiyi ilə əlaqədar ədibin qiymətli kitablardan ibarət şəxsi kolleksiyasının ailəsi tərəfindən Azərbaycan Milli Kitabxanasının Arxiv fonduna hədiyyə etmə mərasimi keçirilib.
Tədbirdə görkəmli dramaturq Sabit Rəhmanın nəvəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran xanım Mahmudova, elm və mədəniyyət xadimləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.
Qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov görkəmli yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi, Azərbaycan adət-ənənələrini yaşadan bir sıra filmlərin ssenari müəllifi olan Sabit Rəhmanın gələcək nəsillərə ərmağan etdiyi qiymətli kitablardan ibarət şəxsi kolleksiyasının ailəsi tərəfindən Azərbaycan Milli Kitabxanasının Arxiv fonduna hədiyyə olunmasının bir çox görkəmli şəxsiyyətlərin ailə üzvləri üçün örnək, yaxşı nümunə olacağını söyləyib. Bu işin əsasının 30 il bundan öncə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, 1995-ci ilin iyununda Ulu Öndərin Milli Kitabxanaya ilk dəfə gələrkən öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın qiymətli kitabı Kitabxanaya bağışladığını bildirib. Bu gün həmin kitabların əhəmiyyətli bir kolleksiya kimi Milli Kitabxananın foyesində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşədə nümayiş olunduğunu diqqətə çatdırıb.
Sonra direktor Ulu Öndər Heydər Əliyevin Milli Kitabxanaya ilk gəlişi zamanı çıxışında dediyi “Mən bu kitabları Milli Kitabxanaya bağışlayıram və inanıram ki, bizim ziyalılarımız, alimlərimiz, vətəndaşlarımız da bu ənənəni davam etdirəcəklər” sözlərini xatırladıb.
Çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Əli Əmirli Sabit Rəhmanın yaradıcılığına toxunaraq ədibin həyat tərzini, ruhunu əks etdirən kitabların Milli Kitabxanaya verilməsinin çox gözəl ənənə olduğunu və gələcək nəsillərə nümunə olacağını söyləyib.
Tədbirdə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva çıxış ediblər. Onlar öz çıxışlarında Sabit Rəhmanın ədəbi fəaliyyətindən, ssenari müəllifi olduğu filmlərdə, əsərlərində şəxsiyyət və cəmiyyət pobleminə toxunmasından və s. bəhs ediblər. Eyni zamanda Azərbaycan Milli Kitabxanasının xarici ölkələrdə və respublikamızdakı şəxsi kitab kolleksiyalarında mühafizə olunan Azərbaycana və onun görkəmli şəxsiyyətlərinə dair ədəbi və mədəni irs nümunələrinin kitabxananın arxiv fondlarına toplanması istiqamətində gördüyü işləri çox yüksək qiymətləndirərək Milli Kitabxananın rəhbərliyinə və kollektivinə bu yolda uğurlar arzulayıblar.
Görkəmli dramaturq Sabit Rəhmanın nəvəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran xanım Mahmudova Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirib. Sabit Rəhmanın gözəl insan və ailə başçısı olduğunu söyləyərək babası haqqında xatirələrini bölüşüb.
Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Əməkdar incəsənət xadimi Sabit Rəhman” adlı Elektron məlumat bazasının və eyniadlı virtual sərginin təqdimatı olub.