close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Səməd Vurğun – 115” adlı sərgi virtual rejimdə təqdim edilib

19-03-2021

Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır.

Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni mərhələ olmuşdur. Onun ürəkdən gələn lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsinə möhkəm daxil olmuş və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət qazanmışdır. O, yorulmaz mübariz, gələcəyə nəzər salan arzular şairi idi.

Mart ayının 21-i Xalq şairi Səməd Vurğunun 115 illik yubileyi tamam olur. Bu münasibətlə, Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq şairi Səməd Vurğun – 115” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Xalq şairi haqqında görkəmli şəxslərin fikirləri, həyat və yaradıcılığı haqqında kitablar, məqalələr və fotolar nümayiş olunur.            

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xalq_sairi_Semed_Vurgun_115/index.htm linkindən istifadə edə bilərlər.