close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Seyid Əzim Şirvani – 190” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

09-07-2025

4 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Milli Kitabxanada bu münasibətlə “Seyid Əzim Şirvani – 190” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin qəzəlləri, rübailəri, satiraları, təmsilləri, müxəmməslər və müxtəlif şeirlər, nəsihətlər və hekayələrdən ibarət əsərləri, şairin həyatı və yaradıcılığı haqqında kitablar, Füzuli ədəbi məktəbinin davamçısı S. Ə. Şirvani ocağının doğmaları oğul, nəvə, nəticə, kötücə, yadıca və tullancıları, eləcə də əqidə dostları haqqında, şəxsi arxiv və doğmalarının yaddaşından əldə edilən məlumatlar - xatirə, şəkil, əlyazma və yeni sənədlərdən ibarət nəşrlər Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  https://anl.az/el/vsb/S.A.Sirvani/index.htm linkindən istifadə edə bilərlər.

Xatırladaq ki, Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il iyulun 9-da Şamaxı şəhərindəki Qalabazar məhəlləsində dindar ailədə anadan olub. O, kiçik yaşlarında ikən Şamaxının mötəbər şəxslərindən biri olan atası Seyid Məhəmməd vəfat edib. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşayıb. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim bir müddət İraqda yaşayıb, təxminən on il sonra Şamaxıya qayıdaraq mədrəsədə orta ruhani təhsilini tamamlayıb.

O, cahilliyə, nadanlığa, dinə kor-koranə itaətə, savadsızlığa qarşı barışmaz mübarizə aparıb. Dünyəvi elmlərə, müasir düşüncəyə, azadfikirliliyə, mədəniyyətə böyük əhəmiyyət verib.

Seyid Əzim 1869-cu ildə Şamaxıda öz hesabına “Məclis” adlı yeni məktəb açıb. Bu məktəbdə şagirdlərə ana dili ilə yanaşı, rus və fars dilləri də öyrədilib, dünyəvi elmlərdən ibtidai məlumat verilib.  Yeni məktəbdə  mollaxanadan fərqli olaraq şagirdlərə fiziki cəzalar verilməsi qadağan olunub. Böyük satirik şair Mirzə Ələkbər Sabir və maarifçi-yazıçı Sultanməcid Qənizadə bu məktəbdə təhsil alıb.

Məktəbdarlıqla bərabər, bədii yaradlcılıqla da məşğul olub. O, qəzəl, müxəmməs, aşiqanə lirik şeirlər, mənzum hekayə, təmsil, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər, habelə məqalələr yazıb. Seyid Əzim Şirvani həmçinin İran, Türkiyə, Rusiya və Azərbaycan şairləri haqqında məlumat verən “Təzkirə”nin müəllifi olub. Şair “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və “Tacül-kütub” (“Kitabların tacı”), “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərsliklər yazıb.

Şairin bədii irsi Azərbaycan və fars dillərində olmaqla iki böyük külliyyatdan ibarətdir. “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat” və s. satiraları müəllifi dövrünün realist şairi kimi tanıdıb.

Seyid Əzim Azərbaycan ədəbi tarixində yeganə şəxs idi ki, 1877-ci ildə "Uşaqların baharı" adlı dərslik yazıb.

Təəssüf ki, şair pedaqoji fəaliyyətinin ən qaynar çağında dünyasını dəyişib. Onun qələmə aldığı rübailər, qəzəllər, nəsihətnamələr, mənzum hekayələr, müxəmməslər, öldürücü satiralar bu gün də maraqla oxunur və sahibinə əbədiyaşarlıq gətirir.

icon

Foto qalereya