close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Şair - bəstəkar Xanım İsmayılqızı” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

10-04-2026

10 aprel 2026-cı il tarixində həm şeirləri, həm də bəstələdiyi mahnılarla musiqi mədəniyyətimizə töhfələr verən Xanım İsmayılqızının anadan olmasının 70 illik yubileyi münasibətilə “Şair - bəstəkar Xanım İsmayılqızı” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə Xanım İsmayılqızının əsərləri, not məcmuələri, tərcümə və redaktə etdiyi kitablar, həyatı və yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbuat materialları sərgilənir.

Xanım İsmayıl qızı Qarayeva (Xanım İsmayılqızı) 1956-cı il aprelin 10-da Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1972-ci ildə “Gənclik” Nəşriyyatında başlayıb. 1987-1989-cu illərdə ADU-nun nəşriyyatında şöbə müdiri, 1989–1995-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri və sədr müavini, 1995–1998-ci illərdə isə “Bilik” Maarifçilik Cəmiyyətinin “Bayatı” Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini və direktor olub. 2014-2016-cı illərdə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri işləyib, daha sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nəşriyyat şöbəsinə rəhbərlik edib.

Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmağa başlayıb. Onun ilk şeiri 1991-ci ildə “Yol” qəzetində dərc edilib. Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınayıb, oxucular tərəfindən maraqla qarşılanıb.

Onun ilk publisistik kitabı “Kimlər keçir bu dünyadan” 1996-cı ildə nəşr olunub. Müəllifin “Ruhun da gözü var” adlı fəlsəfi-publisistik kitabı isə dünya işığından məhrum insanların — korların daxili aləmini əks etdirir. O, həmçinin “Bir məndim, bir də özüm”, “Ağ və qara”, “Dua yağışı”, “Səni göyə bağışladım”, “Adı olmayan fəsil”, “İlahi, yerimi demə”, “Do və başlanır hər şey” adlı şeir toplularının müəllifidir. Şeirləri rus, belarus, özbək, fars, polyak, türk və holland dillərinə tərcümə olunaraq müxtəlif ölkələrin mətbuatında dərc edilib, antologiyalara daxil edilib.

Vasili Şukşinin “İlan zəhəri” adlı hekayələr toplusunu və “İssumbosi” yapon nağıllarını tərcümə edib.

İlk dəfə bəstəkar Faiq Sücəddinovun onun sözlərinə yazdığı “Harda qaldın” mahnısı şair kimi vizit vərəqinə çevrilib.

Bəstəkar kimi ilk əsəri isə 1993-cü ildə yazdığı “Sevgimizi qoruyaq” mahnısıdır. Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” pyesinə yazdığı musiqi isə onun ilk irihəcmli əsəri hesab olunur. O, ümumilikdə 400-dən çox mahnının müəllifidir.  “Dünya quraq”, “Unut məni”, “Gözlər”, “Qəm qalası”, “Doğma diyar”, “Mənim ağ göyərçinim” və digər musiqi albomlarının müəllifidir.