close
icon E-kataloq və kitabxana

Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi yanında Elm Komitəsinin R.B. Süleymenov adına Şərqşünaslıq İnstitutunun nümayəndələri Azərbaycan Milli Kitabxanasının qonağı olub

11-10-2025

11 oktyabr tarixində Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi yanında Elm Komitəsinin R.B. Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Duken Massimxanulı və institutun tədqiqatçısı, fəlsəfə üzrə fəlsəfə doktoru Saqınış Kopenkızı Amirbekova Azərbaycan Milli Kitabxanasının qonağı olublar.

Qonaqları Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib. Görüş zamanı direktor qonaqları qardaş xalqın nümayəndələri kimi salamlayaraq, onları kitabxanada görməkdən məmnun olduğunu bildirib. Direktor  Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi və mədəni əlaqələrin dərin köklərə malik olduğunu vurğulayaraq, iki qurum arasında əməkdaşlığın elmi mübadilə baxımından əhəmiyyətini qeyd edib.

Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi yanında Elm Komitəsinin R.B. Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru professor Duken Massimxanulı səmimi qəbula görə təşəkkürünü bildirib, institutun yaranmasının 30 illiyi və Qazaxıstanda Şərqşünaslıq sahəsinin 70 illiyi ilə bağlı məlumat verib. O, institutun hazırda Qazaxıstan və türk xalqlarının tarixi ilə bağlı geniş tədqiqatlar apardığını, müxtəlif ölkələrdən materialların toplanıldığını diqqətə çatdırıb.

Professor Duken Massimxanulı Azərbaycan Milli Kitabxanasının zəngin tarixi və elmi irsi ilə seçildiyini vurğulayaraq, iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanmasını təklif edib. O, bu sazişin hər iki qurumun alimlərinə qarşılıqlı səfərlər və ortaq elmi tədqiqatlar üçün geniş imkanlar yaradacağını qeyd edib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu təşəbbüsü müsbət qarşılayaraq, əməkdaşlıq Memorandumunun elmi, mədəni əlaqələri daha da gücləndirəcəyini bildirib.

Sonra direktor prof. Kərim Tahirov Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan” kitablarını qonaqlara hədiyyə edib.

Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi yanında Elm Komitəsinin R.B. Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Duken Massimxanulı Qazaxıstanın xəritəsini və “История в четверть века” adlı kitabı Milli Kitabxanaya hədiyyə edib.

Sonda qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub və xatirə şəkli çəkdirilib.

icon

Foto qalereya