12-03-2026
12 mart 2026-cı il tarixində Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ictimai xadim, poeziyamızın ideya-bədii inkişafında mühüm rol oynamış qüdrətli söz ustadı, Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 120 illik yubileyi münasibətilə “Xalq şairi Süleyman Rüstəm – 120” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə şairin əsərləri, tərcümələri, ön söz yazdığı, tərtibçi və redaktor olduğu kitablar, həyatı və zəngin yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.
Süleyman Əliabbas oğlu Rüstəmzadə (Süleyman Rüstəm) 1906-cı il mart ayının 12-də Bakının Novxanı kəndində anadan olub. O, rus-tatar məktəbini bitirib, N.Nərimanov adına Bakı Sənaye Texnikumunun elektrik mexanikası şöbəsində təhsil alıb. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb.
Süleyman Rüstəm 1926-1934-cü illərdə “Maarif və mədəniyyət” jurnalında məsul katib vəzifəsində çalışıb. 1935- ci ildə Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv, 1938-ci ildən Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilib, bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olub.
Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlyıb, 1922-ci ildə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyasını yazıb. "Unudulmuş gənc" adlı ilk mətbu şeiri 1923-cü ildə "Maarif və mədəniyyət" (indiki "Azərbaycan") jurnalında dərc olunub.
"Ələmdən nəşəyə" adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilib. "İldırım" (1942), "Qafurun qəlbi" (1959), "Əzizlərdən əzizlərə" (1965), "İki sahil" (1949), "Günəşli sahillərdə" (1963), "Keçilməmiş yollarda" (1970), "Ürəyimin gözüylə" (1977), "Mənim günəşim" (1981) və s. kitabların, "Yanğın" (H. Nəzərli ilə birgə, 1930) pyesinin, "Qaçaq Nəbi" (1940) mənzum pyesinin, "Durna" (1948) komediyasının müəllifidir. Ən sevilən əsərlərindən biri “Təbrizim” əsəridir.
Xidmətlərinə görə 1943-cü ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə “Xalq şairi” fəxri adlarına layiq görülüb, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı, 1970-ci ildə Azərbaycan Dövlət Mükafatı laureatı və bir sıra orden, medallarla təltif olunub.