close
icon E-kataloq və kitabxana

Milli Kitabxana kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığına həsr olunan onlayn mətbuat-konfransında iştirak etmişdir

04-06-2020

4 iyun tarixində Milli Kitabxananın direktoru professor Kərim Tahirov Rusiya Milli Kitabxanasının və «ТАСС» informasiya agentliyinin dəvəti ilə Kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığının  inkişafına həsr edilmiş onlayn mətbuat-konfransında iştirak etmişdir.
Konfransda Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Pavloviç Verşinin, Azərbaycan Milli Kitabxanasının  direktoru Kərim Tahirov,  A.S.Puşkin adına Brest şəhər Mərkəzi Kitabxanasının direktoru Svetlana Qorodeskaya, MDB Parlamentlərarası Assambleyasının məsul katibi Pşenko Konstantin Andreyeviç iştirak etmişlər.
Onlayn mətbuat-konfransında kitabxanalar arasında kitab mübadiləsindən, kitab irsinin qorunub saxlanması, eləcə də koronavirus dövründə kitabxanaların onlayn rejimdə göstərdikləri xidmətlər barədə çıxışlar olmuşdur. Milli Kitabxananın direktoru  Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının Rusiya Milli Kitabxanası ilə həyata keçirdiyi qarşılıqlı kitab mübadiləsindən, Sankt-Peterburq Milli Kitabxanasında və Şərq Əlyazmaları İnstitutunda mühafizə olunan Azərbaycan klassiklərinin əlyazmalarının elektronlaşdırılaraq Azərbaycana gətirilməsi layihəsindən və koronovirus dövründə Azərbaycan Milli Kitabxanasının fəaliyyəti barədə danışmışdır. Direktorun çıxışı həmkarları tərəfindən dəstəklənmişdir və sonda konfrans iştirakçıları Azərbaycan Milli Kitabxanasının pandemiya şəraitində onlayn xidmətləri sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişlər və K.Tahirov onların bu mövzuda suallarını cavablandırmışdır.