close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Tragedy of the 20th century – Khojaly genocide” ingilis dilində sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

26-02-2021

1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırım törədilmişdir. Xocalı soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. Xocalı soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biridir. Beynəlxalq konvensiyalar, universal qanunlar, Xocalı faciəsi kimi faciələri dəfələrlə pisləmiş və onların qəbulolunmaz olduğunu bildirmişdir. Ermənistan Respublikası tərəfindən Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan bir çox beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atmışdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Tragedy of the 20th century – Khojaly genocide” adlı ingilis dilində virtual sərgi hazırlanıb. Sərginin hazırlanmasında əsas məqsəd xarici oxucuları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdan ibarətdir. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən Azərbaycan və xarici dillərdə olan kitablar, fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Tragedy_of_the_20th_century_Khojaly_genocide/index.htm linkindən istifadə edə bilərlər.