28-03-2026
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsi Türk dünyasında nəşriyyat sahəsində institusional əməkdaşlığı gücləndirmək, ortaq mədəni yaddaşın qorunmasına töhfə vermək və informasiya istehsalı ilə paylaşımını davamlı əsasda inkişaf etdirmək məqsədilə Türk Dünyası Nəşriyyat Konqresi keçirir. Konqres 27–29 mart 2026-cı il tarixlərində, 2026-cı il üçün “Türk Dünyasının Turizm Paytaxtı” elan edilmiş Ankarada keçirilir.
Konqresin açılış mərasimində Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazgı iştirak edib. Tədbirdə çıxış edənlər Türk dünyasında nəşriyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, ortaq tarix, dil və mədəni irsə əsaslanan nəşriyyat fəaliyyəti ölkələr arasında əlaqələrin inkişafına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.
Tədbir çərçivəsində nəşriyyat siyasətləri, məcburi nüsxə və standartlar, müəlliflik və əqli mülkiyyət hüquqları, tərcümə dəstəkləri, məzmunun inkişafı və ortaq əlifba-dil məsələləri kimi mövzularda komissiya iclasları təşkil olunub.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türkdilli milli kitabxanaların nümayəndələri də iştirak edir. Türk dünyasının kitabxanaları arasında informasiya və təcrübə mübadiləsini gücləndirəcək bu görüşdə türkdilli milli kitabxanaların iştirakı böyük əhəmiyyət kəsb edir. Azərbaycan Milli Kitabxanasını Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova təmsil edir. Direktor müavini “Ortaq İrs, Ortaq Gələcək:Türkdilli Dövlətlərin Milli Kitabxanaları” mövzusunda məruzə və təqdimatla çıxış edib. O, çıxışında Türk dünyasının minilliklər boyu formalaşmış zəngin mədəni irsə malik olmasından, bu irsi qorumaq və gələcək nəsillərə çatdırmaq üşün milli kitabxanaların qarşısında duran əsas vəzifələrdən, son illərdə türkdilli dövlətlərin kitabxanaları arasında kitabxana sahəsində əməkdaşlığın daha da genişlənməsindən, Türk Dünyası Milli Kitabxanaları Birliyinin bu istiqamətdə fəaliyyətindən danışıb. Direktor müavini çıxışının sonunda qeyd edib ki, türkdilli dövlətlərin milli kitabxanaları arasında əməkdaşlığın gücləndirilməsi bizim ortaq kimliyimizi daha da möhkəmləndirəcək və gələcək nəsillərə daha zəngin bir miras ötürməyə imkan verəcəkdir. Bu əməkdaşlıq nə qədər güclü olarsa, türk dünyasının birliyi və mədəni zənginliyi də bir o qədər möhkəm olar.
Konqres çərçivəsində Türk dünyası nəşriyyat ekosistemini daha da inkişaf etdirəcək əməkdaşlıqların müzakirə olunduğu komissiya iclasları 29 mart 2026-cı il bazar gününə qədər davam edəcək.