close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında olub

01-03-2021

Mart ayının 1-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Türkiyə Milli Kitabxanasında olmuşdur. O, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar şöbәsinin rəhbəri və Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaşla görüşmüşdür. Direktor Kərim Tahirov  görüş zamanı iki qardaş ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün kitabxanalar arasındakı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Milli Kitabxanası  arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum yenilənməlidir. Türkiyə Milli Kitabxanasının direktoru Əli bəy təklifə müsbət münasibətini bildirmiş və memorandumun yaxın zamanlarda yenilənməsini məqsədəuyğun hesab etmişdir. Danışıqlar əsnasında yaxın zamanlarda Türkiyə Milli Kitabxanasında Azərbaycan  mədəniyyətinə, tarixinə,ədəbiyyatına və incəsənətinə dair Azərbaycan guşəsinin yaradılacağı planlaşdırılmışdır. Bu məqsədlə, Azərbaycan Milli Kitabxanasından Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə bağlı kitablar Türkiyə Milli Kitabxanasına göndəriləcək.

Daha sonra Kərim Tahirov dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə Türkiyə Milli Kitabxanasında saxlanılan Nizami əlyazmalarının elektron versiyalarının Azərbaycan Milli Kitabxanasına verilməsini xahiş etmişdir. Eyni zamanda, Misirdə və Sankt Peterburqda  mühafizə olunan Nizami əlyazmalarının da rəqəmsal surətlərinin alınacağını və çap olunacağını bildirmişdir.

Görüş zamanı professor Kərim Tahirov işğaldan azad olmuş ərazilərimizdə 975 kitabxananın ermənilər tərəfindən məhv olunduğunu və orada olan 4 600 000 kitabın yandırıldığını vurğulamışdır. Direktor işğaldan azad olunmuş ərazilərdəki kitabxanaların kitab fondlarının bərpası üçün kitab toplama kampaniyası başladıldığını bildirmişdir. Türkiyə Milli Kitabxanasının direktoru Əli bəy həmin kitabxanaların fondlarına dəstək üçün Türkiyə Milli Kitabxanasının da kitab göndərəcəyini qeyd etmişdir.                                          

Professor Kərim Tahirov Əli bəyi mart ayının 2-də TÜRKSOY-un iqamətgahında böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə keçiriləcək tədbirə dəvət etmişdir.

Daha sonra Kərim Tahirov “Qarabağ. Əsrlərin salnaməsi” (Azərbaycan və ingilis dilində) kitabını Türkiyə Milli Kitabxanasının direktoru Əli bəyə hədiyyə etmişdir.

Görüşün sonunda Kərim Tahirov Türkiyə Milli Kitabxanasının direktoruna öz təşəkkürünü bildirmişdir.

 

icon

Foto qalereya