close
icon E-kataloq və kitabxana

Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi

22-04-2022

Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Kommunist ideologiyasının hakim olduğu bir dövrdə milli dil məsələsinin ortaya atılması tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün bir növ tale məsələsi ola bilərdi. Bütün bunlara baxmayaraq, ümummilli lider Heydər Əliyev Ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Azərbaycan KP MK-ya yenicə birinci katib seçilmiş Heydər Əliyev 1969-cu ildə, ADU-nun 50 illik yubileyində ilk dəfə Azərbaycan dilində çıxış etdi. Bu çıxış xalqa ana dilində müraciət idi. Hər kəs bilməlidir ki, dil ona qarşı zorakılığa dözmür, əksinə inkişaf edir, özünə yeni cəbhələr açır. Həm də unudulmamalıdır ki, Azərbaycan dili inkişafı üçün o qədər əlverişsiz şəraitdə olduğu bir vaxtda bu problemə ilk dəfə Heydər Əliyev müraciət etmişdir. Sovet düşüncəsi çərçivəsində bu düşüncənin qizğin məddahları milli dillərə vahid rusdilli sovet xalqının formalaşması və təşəkkülü yolunda ancaq əngəl kimi baxırdılar. Bu çıxışdan sonra  Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Məhz bu Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb.

1969-cu ildə Ulu öndərin hakimiyyətə gəlişindən sonra Onun Azərbaycan KP MK-nın birinci katibi kimi Azərbaycan dilində mükəmməl, zəngin nitqləri səslənməyə və beləliklə də, Azərbaycan dili artıq məhəlli dil statusundan çıxaraq siyasi elitanın dilinə çevrilməyə başladı. Bu isə Azərbaycan dilinin inkişafını şərtləndirən əsas məqamlardan biridir. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi. Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri Azərbaycan  dilinin dövlət dili  səviyyəsində qəbul olunmasına yönəlmişdi.

Heydər Əliyev çoxlarının mahiyyətinə varmadığı, bəzən isə heç düşünmək istəmədikləri məsələləri duyur, düşünür, sonra isə onun məğzini şərh edirdi. Məqsədi qoyulan, müzakirə olunan məsələlər barədə maarifçilik mövqeyi tutmaq idi. Bundan başqa, müzakirə olunan məsələlər barədə söz, fikir söyləyənləri məsuliyyətli olmağa cəlb etmək  idi. Hətta o, Sovetlər İttifaqı dövründə əldə etdiyimiz nailiyyətlər sırasında bayrağımızın, gerbimizin, himnimizin olduğunu ən böyük bəhrə hesab edirdi: “Biz Sovetlər İttifaqının tərkibində müstəqil dövlət olmasaq da, onun tərkibində respublika idik, dövlət idik, özümüzün himnimiz, gerbimiz, bayrağımız var idi. Doğrudur, bunlar hamısı ümumittifaq tərkibində idi, amma hamısı var idi. Bax, belə olan vaxtda da biz dilimizi dövlət dili etmək üçün nə qədər çətinliklər çəkdik, nə qədər əzab - əziyyətə düşdük”.

Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu, milli dilimizin qorunması və təbliği istiqamətində müstəsna tədbirlər gördü.  Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.

"Dil milli mənliyin açarıdır, milli tərbiyə vasitəsidir" deyən Heydər Əliyev öz natiqlik bacarığı ilə bu dili yaşadırdı. Azərbaycanda məhz siyasi natiqliyin formalaşmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin nitqi öz səmimiliyi, zənginliyi, orijinallığı ilə dünyanın siyasi xadimlərinin nitqləri ilə müqayisə oluna bilər. Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarında şifahi nitqə üstünlük verib, yazılı məruzə və ya çıxışlardan, demək olar ki, imtina edirdi. Ümummilli liderin çıxış etdiyi auditoriyalar öz zənginliyi ilə seçilirdi. O, həm də əzəmətli görkəmi, baxışı, səsi ilə auditoriyanın diqqətini özünə çəkə bilirdi. Böyük natiq auditoriya ilə ünsiyyətə girir, sual verib, cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqilik bütün çıxışlarında özünü göstərirdi. Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışırdı. Xalq danışıq dilindən gələn ifadələri məharətlə işlədirdi. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi zövq alması şərtləndirir. Heydər Əliyev Azərbaycan dilinin bütün sahələrdə yayılması ilə bağlı ciddi işlər görüb.

XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi.

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.

                                                                                                                             Ədibə İsmayılova

                                                                                         Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı

                                                                                                   “Xəqani 57” ərazi partiya təşkilatının sədri