close
icon E-kataloq və kitabxana

V Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkası

28-09-2017

Sentyabr ayının 28-də V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası  tədbirlərinə start verilmişdir.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasında “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda Beynəlxalq Elmi Konfrans, TÜRKSOY-la birgə Azərbaycan Milli Kitabxanası tərəfindən çap olunmuş “Molla Pənah Vaqif dünya dillərində” kitabının təqdimat mərasimi və  Azərbaycan Milli Kitabxanası ilə Rusiya və Misir Milli Kitabxanaları arasında Memorandumların imzalanma mərasimi keçiriləcəkdir.

Tədbirlərdə Türkiyə, Böyük Britaniya, Misir, Rusiya, Malayziya, Bosniya və Herseqovina, Moldova, Belorus,  Özbəkistan Milli Kitabxanası, ABŞ-ın Los Anceles universitetinin kitabxanasının əməkdaşı təmsil olunur.

Azərbaycan Milli Kitabxanasının qonaqları əvvəlcə Fəxri Xiyabanda Ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, abidəsi önünə əklillər qoymuş, Şəhidlər Xiyabanında vətən uğrunda şəhid olanların xatirəsini yad etmişlər.

Sonra qonaqlar Azərbaycan  Milli Kitabxanasının direktoru prof. Kərim Tahirovla görüşmüşlər.

Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təntənəli açılış mərasimi olmuşdur.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və nazirliyin digər əməkdaşları, Milli Kitabxananın rəhbərliyi, xarici ölkələrin Milli Kitabxanalarının direktorları, eləcə də Azərbaycanın qabaqcıl kitabxanalarının rəhbərləri, regionların Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları, ümumiyyətlə bütün kitabxana ictimaiyyəti V Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının açılışında iştirak etmişlər. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Avtomat Kitab Köşkü” layihəsinin təqdimatında iştirak etmişlər.

Sərgi yarmarkada 10-dan çox ölkənin milli kitabxanası öz eksponatlarını-dəyərli kitablarını nümayiş etdirmiş və sərgi iştirakçılar tərəfindən böyük marağa səbəb olmuşdur.

Sərgidə Azərbaycan Milli Kitabxanası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə latın qrafikası ilə nəşr edilmiş klassik Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı nümunələri, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Milli Kitabxananın nəşrlərindən  ibarət ümumilikdə 600-dən çox kitabla təmsil olunurdu.

Azərbaycan Milli Kitabxanası ilə tanışlıqdan əvvəl Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev tədbirlərdə iştirak edən xarici ölkə kitabxanalarından gələn qonaqlarla görüşmüşdür. O, Azərbaycan Milli Kitabxanasının çağırışına səs verən həm sərgi yarmarkaya, həm də konfransa qatılan qonaqlara təşəkkürünü bildirmiişdir. Ölkələr arasında əlaqələrin genişləndirilməsi, mədəni sərvətlərin tanıdılmasının əhəmiyyətindən danışmış, bu işdə milli kitabxanaların rolunun əvəzsiz olduğunu vurğulamışdır. Azərbaycan Milli Kitabxanasının bu sahədə həyata keçirdiyi tədbirləri təqdirəlayiq hesab edərək, kitabxananın fəaliyyətini yüksək qiymətləndirmişdir.

ABŞ-ın Koliforniya ştatının Los Angeles şəhərinin UCLA universitet kitabxanasının əməkdaşı David Hörş, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Rusiya Milli Kitabxanasının direktoru Aleksandr Vislıy, Misir Milli Kitabxanasının sədri Əhməd Əl-Şuki çıxış edərək cənab nazirin kitaba, kitabxanaya, mütaliəyə verdiyi dəyəri yüksək qiymətləndirmiş, tədbirin keçirilməsinə görə həm Mədəniyyət və Turizm Nazirliyinə, həm də Milli Kitabxanaya təşəkkürlərini bildirmişlər

Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası və AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə  yaxından tanış olmuşlar.

Sərgi yarmarka çərçıvəsində tədbirlər davam edir.