07-11-2025
7 noyabr tarixində Azərbaycan Milli Kitabxanasında Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimat mərasimi və eyniadlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, bu gün Azərbaycan xalqı tarixi qələbəmizin - böyük Zəfərimizin 5 illiyini qeyd edir. Bu Zəfər elə bir qələbədir ki, xalqımız və gələcək nəsillər onu hər zaman qürurla qeyd edəcək. Əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoydu, ərazi bütövlüyümüz tam bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Professor Kərim Tahirov Milli Kitabxananın Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Azərbaycanın dünyaya tanıdılması istiqamətində mühüm fəaliyyət göstərirdiyini və artıq dünyaya açılan bir pəncərəyə çevrildiyini söyləyib. Bu gün təqdim olunan bu fundamental biblioqrafik səlnamənin Azərbaycanın tarixi Qələbəsinin dünyada təbliğinə xidmət edən dəyərli bir mənbə rolunu oynayacağını vurğulayıb.
Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında qeyd edib ki, bu gün biz xalqımızın tarixində ən şərəfli, ən qürurverici hadisələrdən birini – Zəfər Günününün 5 illiyini böyük iftixar hissi ilə qeyd edirik. Bu ildönümü yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin deyil, həm də xalqımızın birliyinin, milli iradəsinin rəmzidir.
Nazir müavini bildirib ki, Azərbaycan xalqı tarix boyu igidliyi, qəhrəmanlığı, mübarizliyi ilə seçilmiş, öz dövlətçiliyini, milli kimliyini və mədəni dəyərlərini qorumaq üçün daim fədakarlıq göstərmişdir, azadlıq və müstəqillik yolunda şəhidlər vermiş, lakin heç vaxt ruhdan düşməmişdir. Bu gün biz fəxr edirik ki, Azərbaycanın zəfəri ilə bərabər mədəniyyətimiz, tariximiz və mənəviyyatımız da öz doğma torpağına qayıtmışdır. Bütün bunlar xalqımızın yenilməz ruhunun, milli həmrəyliyimizin və dövlətimizin gücünün bariz nümunəsidir.
Nazir müavini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi, 12 500 adda ədəbiyyatı əhatə edən biblioqrafiyanın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Biblioqrafiyanın hazırlanmasında əməyi keçən kitabxana mütəxəssislərinə təşəkkürünü bildirib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında bildirib ki, Zəfər tarixi bizə tariximizi yenidən yazmaq və ona yeni baxış bucağından yanaşmaq imkanı verir. Əlavə edib ki, ərazi bütövlüyünün müdafiəsi və bu sahədə görülən işlərin sistemli və intellektual çərçivəyə salınması tarixşünaslıq üçün mühüm əhəmiyyət kəsb edir. Akademik Zəfər tarixinə həsr olunmuş bu fundamental biblioqrafik səlnamənin hazırlanmasında əməyi olan Milli Kitabxananın direktoru professor Kərim Tahirov başda olmaqla, kitabxananın bütün kollektivinə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, İcra Hakimiyyətinin əməkdaşı Gülnar Məmmədova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri Nadir İsmayılov və Knyaz Aslan, həmçinin BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə təbriklərini bildiriblər. Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri, çıxışları, səfərləri, müsahibələri, imzaladığı fərman və sərəncamlar, eləcə də tarixi Zəfərin qazanılması, qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini əhatə edən bu fundamental biblioqrafiyanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, bu nəşr Zəfərimizin biblioqrafik abidəsi və Vətən müharibəsinin hüquqi bazası kimi mühüm elmi mənbə rolunu oynayır.
Tədbirin davamında bu tarixi gün münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “8 noyabr- Zəfər Günü” adlı elektron məlumat bazasının təqdimatı olub.