close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xocalı 29” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

24-02-2021

Xocalı soyqırımı - ermənilərin törətdikləri kütləvi cinayətlərin bir həlqəsi olan, faciənin miqyasına görə analoqsuz, qəddarlığı və amansızlığı ilə xüsusi seçilən, ən qanlı, ən əzablı, yaddan çıxmayan, xalqımıza qarşı amansız kütləvi terror hadisəsi kimi dünya tarixinin ən faciəli səhifəsindən biridir. Soyqırım hadisəsi dünyanın bir çox yerlərində baş vermişdir. Lakin erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı faciəsi 200 ilə yaxın müddətdə erməni şovinist milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xocalı 29” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən kitab və dövri mətbuat materialları, fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xocali_soyqirimi_29/index.htm linkindən istifadə edə bilərlər.