close
icon E-kataloq və kitabxana

Yanvar ayının 25-də Rusiya Federasiyasının Mətbuat və kütləvi əlaqələr üzrə federal agentliyin rəhbəri M.V.Seslavinskiy, Moskva şəhər Jurnalistlər İttifaqının sədri P.N.Qusev və “Kommersant” Nəşriyyat evinin Strateji məsələlər üzrə direktoru V.Q.Loşak Azə

25-01-2015

Yanvar ayının 25-də Rusiya Federasiyasının Mətbuat və kütləvi əlaqələr üzrə federal agentliyin rəhbəri, kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Vadimoviç Seslavinskiy, Moskva şəhər Jurnalistlər İttifaqının sədri, “Moskovskiy komsomoles” qəzetinin baş redaktoru Pavel Nikolayeviç Qusev və “Kommersant” Nəşriyyat evinin Strateji məsələlər üzrə direktoru Viktor Qriqoryeviç Loşak Azərbaycan Milli Kitabxanasında olmuşlar.

Görüşün əsas məqsədi Milli Kitabxananın Nadir kitablar fondunda mühafizə olunan qiymətli kitablarla və unikal kolleksiyalarla tanışlıqdan ibarət olmuşdur.

Qonaqlar əvvəlcə Milli Kitabxananın direktoru prof.Kərim Tahirovla görüşərək söhbət etmişlər. K.Tahirov qonaqlara kitabxananın tarixi, orada mühafizə olunan nadir kolleksiyalar və onların mühafizə vəziyyəti haqqında ətraflı məlumat vermişdir. Kitabxananın ayrı-ayrı şöbələri ilə əyani tanış olan qonaqları Milli Kitabxanada təşkil olunan sərgilər və Nadir kitablar və kitabxana muzeyi xüsusilə maraqlandırmışdır. 15 il əvvəl bu fondun zirzəmidə kiçik bir otaqda yerləşdiyini görən qonaqlar hazırda həmin qiymətli kolleksiyaların 2 mərtəbədə çox gözəl şəraiti olan işıqlı otaqlarda yüksək zövqlə hazırlanmış rəflərdə mühafizə olunmasından çox məmnun olduqlarını söyləmişlər. XIX əsrdə və XX əsrin əvvəllərində çap olunmuş bir sıra nadir kitablarda müəlliflərin avtoqraflarının olması qonaqları xüsusilə heyrətləndirmişdir. Bu kitabların titul vərəqlərindəki avtoqrafların Moskvada nəşr olunan “Pro kniqi” “Bibliofil” jurnallarında çap olunacağını bildirmişlər.

Sonra qonaqlara ilk Azərbaycan çap kitabı, habelə kitabxanada saxlanılan XVI əsrə aid ən qədim çap kitabı, habelə miniatür kitab kolleksiyası da nümayiş olunmuşdur. Kitab mədəniyyəti üzrə tədqiqatçı və bibliofil Mixail Vadimoviç Seslavinskini onun yenicə çapdan çıxmış kitabının artıq kitabxananın “Yeni kitablar” sərgisində nümayiş olunması xüsusilə heyrətləndirmişdir. Sonda qonaqlar Muzeyin Xatirə kitabına öz ürək sözlərini yazmışlar.

Görüşün sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Old Baku”, “Azərbaycan keçmiş əsrlərdə və bu gün. Xəritə.”, “Teppishe culture erbe” kitablarını, “Milli mənəviyyat xəzinəmiz.”, “Klassika”, “Cazz” disklərini hədiyyə etmişdir.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Protokol şöbəsinin müdiri Cəlil Məlikov və Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova iştirak etmişlər.

Görüş zamanı qonaqları maraqlandıran suallar cavablandırılmışdır.