close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

13-11-2021

13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür. Həmin tarix ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum gününə təsadüf edir.

Ümumdünya Səhiyyə Təşkilatı onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü kimi elan edib. XVIII əsrə qədər dünyada korlar üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib. Özünün ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə korlar üçün ilk kitablar çap edib.

Bu gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Gozden_Eliller_Gunu_13_noyabr/index.htm linkindən istifadə edə bilərlər.