close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “18 aprel - Tarixi Abidələrin Mühafizəsi Günü” virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

18-04-2026

18 aprel 2026-cı il tarixində Milli Kitabxanada tarixi abidələrin qorunması, xalqın yaddaşının, milli kimliyinin və mədəni irsinin təbliği, həmçinin onların gələcək nəsillərə ötürülməsi məqsədilə “18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü”nə həsr olunmuş virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə müxtəlif əsrlərə və dövrlərə aid tarixi abidələr, memarlıq nümunələri, eləcə də ermənilərin yaşamış olduqları ərazilərdə Azərbaycanın dağıntılara və saxtalaşdırmalara məruz qalmış, məhv edilmiş, adları dəyişdirilmiş və mənimsənilmiş abidələri haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş ədəbiyyatlar, tədqiqat işləri, dövri mətbuatda çap edilmiş məqalələr və digər materiallar nümayiş etdirilir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər aşağıdakı link vasitəsilə daxil ola bilərlər:

https://anl.az/el/vsb/Tarixi_Abidelerin_Muhafizesi_Gunu/index.htm

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi tarixi-mədəni irsin qorunmasının əhəmiyyətini diqqətə çatdırmaq, abidələrin bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətləri təşviq etməkdir. Bu münasibətlə dünyanın demək olar ki, bütün ölkələrində tarixi abidələrin qorunması, onların bərpası və turizm məqsədilə istifadəsi istiqamətində geniş tədbirlər həyata keçirilir.

Azərbaycanda tarixi abidələrin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən tənzimlənir. Ölkə ərazisində yerləşən maddi-mədəni irs nümunələrinin uçotu və qeydiyyatı aparılır, abidələrin bərpası və konservasiyası üzrə layihələr hazırlanaraq həyata keçirilir.

Respublikamızda tarixi abidələrin qorunması üçün möhkəm hüquqi baza formalaşdırılıb. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi tarixi-mədəni irsin qorunması, abidələrin bərpası, mühafizə zonalarının dəqiqləşdirilməsi və şəhərlərin müasir, planlı inkişafı ilə onların tarixi simasının vəhdətinin təmin olunmasına yönəlmiş mühüm strateji addımdır. Dövlət proqramları vasitəsilə abidələrin bərpasına maliyyə dəstəyi göstərilir və bu sahədə yeni layihələr həyata keçirilir.

Azərbaycan zəngin tarixi və mədəni irsə malik ölkələrdən biridir. Ölkəmizdə yerləşən qədim şəhərlər, qalalar, məbədlər və digər memarlıq nümunələri milli sərvətimizdir. Tarixi abidələrin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur.

icon

Foto qalereya