close
icon E-kataloq və kitabxana

“Açıq kitabxana”nın oxuculara və paytaxt sakinlərinə təqdimatı keçirilmişdir

15-07-2016

İyulun 15-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana”nın oxuculara və paytaxt sakinlərinə təqdimatı keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açmışdır. O, tədbir iştirakçılarını salamlamış və belə bir layihənin bütün kitabsevərlər, oxucular və geniş ictimaiyyət üçün çox əhəmiyyətli bir iş olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, təşkil edilmiş bu “açıq kitabxana” günün 24 saatı ərzində oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradır və oxuculara təqdim edilən kitablar arasında Azərbaycanın tarixi, ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyət və incəsənəti, bədii ədəbiyyatına dair yerli və xarici müəlliflərin Azərbaycan, türk, rus və ingilis dillərində kitabları, müxtəlif mövzularda jurnallar, uşaq ədəbiyyatı geniş yer tutur. K.Tahirov məlumat vermişdir ki, “Açıq kitabxana”da “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi, uşaq guşəsi fəaliyyət göstərir. Burada hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində oxumaq imkanı yaradılmışdır. Növbəti günlərdə Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan kitabların onlayn sifarişi və oxuculara çatdırılması sisteminin də təşkili nəzərdə tutulmuşdur.
Sonra söz Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə verildi. Nazir “Açıq kitabxana”nın açılışı münasibətilə bütün oxucuları, kitabsevərləri təbrik edib və cəmiyyətdə kitabın, mütaliənin rolundan, əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu gün bütün dünyada bu təcrübədən istifadə olunur və sevindirici haldır ki, bir sıra turizm obyektlərində də bu ənənə tətbiq edilir və bütün kitabxanalar bu təcrübədən istifadə etməlidir. Kitab, mütaliə insanı mənən zənginləşdirir, onu şəxsiyyət kimi formalaşdırır. Bu kitabxananın təşkili və oxucuların istifadəsi üçün açıq olmasının insanlarda mütaliəyə marağ oyatmasına və daha çox kitab oxunmasına, biliklərin mübadiləsinə təsir edəcəyinə ümidvarlığını bildirmişdir.
Çıxışçılar Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Millət Vəkili Qənirə Paşayeva, Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev, AMEA Mərkəzi Elmi Kitabxana/İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova və başqaları bu təşəbbüsü alqışlamış, belə bir layihənin gerçəkləşməsini yüksək qiymətləndirmiş və bu işin əhali arasında mütaliə vərdişinin geniş vüsət almasında mühüm rol oynayacağını qeyd etmişlər. Bu gün informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq edildiyi bir vaxtda, kitabın həyatımızdakı danılmaz rolunu gənc nəslə bir daha nümayiş etdirmək, insanları kitab oxumağa səsləmək, onlarda bilik mübadiləsinə həvəs yaratmaq təqdirəlayiq addım kimi qiymətləndirilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan bu “Açıq kitabxana” oxucularla müəlliflərin, yazıçıların, şairlərin, görkəmli şəxsiyyətlərin görüş yerinə çevrilərək, müəlliflərlə oxucular, kitabla oxucular arasında fəal əlaqələndirmə funksiyasını həyata keçirəcəkdir. Açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçiriləcək, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri təşkil olunacaq, onlarla imzalı görüşlər keçiriləcəkdir.
Sonda qonaqlar və oxucular “Açıq kitabxana” ilə yaxından tanış oldular.