close
icon E-kataloq və kitabxana

Türkiyənin “CNN Türk” kanalının əməkdaşları Milli Kitabxanada olublar

13-08-2021

Ölkəmizə səfərə gəlmiş Türkiyənin “CNN TÜRK” kanalının əməkdaşları Merve Şahin və Serra Taşkıran  avqustun 13-də Milli Kitabxanada olublar.

Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq onları Milli Kitabxanada görməkdən şad olduğunu bildirib. Direktor iki qardaş ölkənin Milli Kitabxanaları arasında əməkdaşlıqdan danışaraq Azərbaycan Milli Kitabxanası ilə Türkiyə kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə və kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, eyni zamanda “Nizami Gəncəvi İli” çərçivəsində 1-3 mart tarixlərində Türkiyənin Ankara və İstanbul şəhərlərində dahi şairin irsi ilə bağlı kitab sərgisinin təşkil olunduğundan, habelə səfər çərçivəsində Türkiyə kitabxanalarına və Topqapı Sarayı Kitabxanasında saxlanılan Nizami əlyazmalarının digital nüsxələrinin Azərbaycan Milli Kitabxanasına hədiyyə olunduğundan da bəhs etmişdir.

“CNN TÜRK” kanalının əməkdaşı Merve Şahin çıxış edərək səmimi qəbul üçün Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirmiş və səfərlərinin əsas məqsədinin Xocalı qətliamı ilə əlaqədar bir material hazırlamaq olduğunu bildirmiş və ötən əsrin 90-cı illərində Azərbaycanda nəşr olunan “Qarabağ”, “Xocalının səsi”, “Səhər” və digər qəzetlərdə Xocalı qətliamı ilə əlaqədar dərc olunan materiallarla tanış olmaq üçün köməklik göstərməyi xahiş etmişdir. Eyni zamanda Milli Kitabxananın fondunda mühafizə olunan qəzetlərdən istifadə edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində iştirak etmək istədiklərini də bildirmişlər. Onların istəyinə müvafiq olaraq kitabxananın əməkdaşları müvafiq materialların tapılmasında və rəqəmsallaşdırılaraq qonaqlara verilməsində onlara yardım etmişlər.

Daha sonra qonaqlar Milli Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsi ilə, kitabxana fondu ilə tanış olublar.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında”, “Karabakh ancient and beautiful”, “Magical beauty Sheki” kitablarını və “Azərbaycan filmləri” CD-i hədiyyə edib.

Sonda qonaqlar Milli Kitabxanada çəkiliş üçün yaradılan şəraitə görə öz təşəkkürlərini kitabxana rəhbərliyinə bildiriblər.

icon

Foto qalereya