close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əhməd Bakıxanov-130” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

15-12-2022

2022-ci ildə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun anadan olmasının 130 ili tamam olur.

Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermiş Əhməd Bakıxanov 1943-cü ildə Əməkdar müəllim, 1961-ci ildə Əməkdar incəsənət xadimi, 1973-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Amma inamla demək olar ki, ustad sənətkar musiqini sevən ürəklərin fatehi olması ilə ən böyük fəxri adını alıb. Sənət təcrübəsində az müraciət olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınan sənətkar həmçinin “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kimi not nəşrlərinin müəllifidir.

Əhməd Bakıxanovun 130 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əhməd Bakıxanov-130” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Əhməd Bakıxanovun müəllifi olduğu əsərlər, eləcə də onun haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ehmed_Bakixanov_130/index.htm   linkindən istifadə edə bilərlər.