close
icon E-kataloq və kitabxana

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əzizə Cəfərzadə” adlı biblioqrafiyanı nəşr etdirib

25-07-2022

Biblioqrafiya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru, professor, ictimai xadim Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilmiş ilk fundamental biblioqrafiyadır.

Biblioqrafiyada “Əzizə Cəfərzadənin həyat və yaradıcılığının əsas tarixləri”, “Əzizə Cəfərzadənin görkəmli şəxsiyyətlər haqqında fikirləri”, “Görkəmli şəxsiyyətlər Əzizə Cəfərzadə haqqında” bölmələri, yazıçının elmi və ədəbi fəaliyyətinin məhsulu olan əsərləri, tərtib etdiyi, redaktoru olduğu, ön söz yazdığı kitablar, rəy verdiyi, rəhbəri və məsləhətçisi olduğu tədqiqat işləri, həmçinin həyat və yaradıcılığı haqqında 1937-2021-ci illərdə dərc olunmuş  materiallar öz əksini tapmışdır.

Vəsaitdə həmçinin Azərbaycan elmi və ədəbiyyatı qarşısında misilsiz xidmətləri olan Əzizə Cəfərzadənin Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivində və Ev Arxivində saxlanılan əsərlərinin əlyazmaları, qeyd dəftərləri, gündəlikləri, çıxışlarının mətnləri, fotoşəkillər, rəylər, məktublar, teleqramlar, yazıçı haqqında müxtəlif sənədlər və digər materialların biblioqrafik təsvirləri əks olunmuşdur.

Biblioqrafik göstəricidə çap məhsulları xronoloji qaydada qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir. Arxiv materialları isə saxlanma yeri və sənəd növünə, daxildə isə əlifba sırası ilə yerləşdirilmişdir.

Biblioqrafiyada yazıçının dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də öz əksini tapmışdır.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/EzizeCeferzade.pdf linkindən istifadə edə bilərlər.